Starship missiyasını planlaşdırılandan 7 saat əvvəl başa vurub
İlk dəfə Yer orbitinə çatmağı bacaran nəhəng Starship raketi planlaşdırılandan əvvəl geri dönərək Sakit okeana eniş edib.
AFN.az xəbər verir ki, ABŞ mərkəzli aviasiya və kosmik şirkət SpaceX-in 14-cü sınaq uçuşunda ilk dəfə Yer orbitinə çatmağı bacaran nəhəng Starship raketi mühərrik nasazlığı səbəbindən planlaşdırılan vaxtdan daha tez geri dönərək Sakit okeana eniş edib.
İlon Maskın sahibi olduğu ABŞ mərkəzli aviasiya və kosmik şirkət SpaceX-in dünən Meksika körfəzi sahilindəki Starbase obyektindən buraxdığı Starship raketi ilk əməliyyat yükünü daşıdığı uçuşda Yer orbitinə çatmağı bacararaq 26 ədəd Starlink V3 peykini uğurla orbitə yerləşdirib.
Lakin Starship-in 10 saat davam etməsi gözlənilən missiyasının mühərrik nasazlığı səbəbindən planlaşdırılandan 7 saat əvvəl başa çatdırılmasına qərar verilib. Nəhəng raket buraxılışdan 3 saat 8 dəqiqə sonra Sakit okeana eniş edib.
Təxminən 10 ildir inkişaf etdirilən və şirkətə 15 milyard dollardan çox başa gələn Starship-in 2023-cü ildən etibarən həyata keçirilən əvvəlki 13 sınaq uçuşunun hamısı suborbital hündürlüklə məhdudlaşmışdı.
14-cü sınaq uçuşunda əldə edilən orbitə çatma hədəfi kosmosa yük daşımaq məqsədilə hazırlanan yeni raketlər üçün kritik mərhələ hesab olunur.
Mühərrik nasazlığına və missiyanın vaxtından əvvəl başa çatdırılması qərarına baxmayaraq, Starship-in 14-cü sınaq uçuşunda mühüm mərhələlərə nail olunub.
İlon Mask yekunda ildə yüzlərlə və ya minlərlə Starship buraxaraq kosmik sənayedə misli görünməmiş daşıma sürətinə çatmağı hədəflədiklərini bildirir. SpaceX Starship-i indiyədək hazırlanmış dünyanın ən güclü buraxılış vasitəsi adlandırır.

