Bitcoin 76 min dollardan aşağı düşdü



Bitcoin-in qiyməti ABŞ fond birjalarında texnologiya səhmlərinin öncüllük etdiyi kəskin satış dalğasının kriptovalyuta bazarına da yayılması nəticəsində gün ərzində 76 min dolların altına düşüb.

AFN.az xəbər verir ki, CoinMarketCap analitik şirkətinin məlumatlarına görə, qlobal kriptovalyuta bazarının ümumi dəyəri son 24 saat ərzində 4,22 faiz azalaraq 2,56 trilyon dollara geriləyib.

Bazar dəyərinə görə ən böyük kriptovalyuta olan Bitcoin-in qiyməti son 24 saat ərzində 4,6 faiz ucuzlaşıb, həftəlik enişi isə 5 faizi ötüb.

Gün ərzində 76 min dollar səviyyəsindən aşağı düşən Bitcoin-in qiyməti Bakı vaxtı ilə saat 00:00-a olan məlumata görə, 76 min 241 dollardan ticarət olunub.

Ethereum-un qiyməti də son 24 saat ərzində 6,1 faiz geriləyərək 2 min 258 dollara düşüb.

ABŞ fond birjalarında aralıq seçkilərdən sonra, xüsusilə texnologiya səhmlərində müşahidə olunan kəskin satışlar kriptovalyuta bazarında da enişə səbəb olub.

Demokratların aralıq seçkilərdə qazandığı qələbədən sonra Konqresdə yaranan yeni siyasi balansın süni intellekt və məlumat mərkəzləri sektorlarına nəzarətin sərtləşdirilməsi ilə bağlı narahatlıqları artırması bu sahələrdə fəaliyyət göstərən şirkətlərin səhmləri üzərindəki satış təzyiqini dərinləşdirib.

Gün ərzində Dow Jones indeksi 1000 bənddən çox dəyər itirərək təxminən 3 faiz geriləyib, S&P 500 indeksi 3 faizdən, Nasdaq indeksi isə 4 faizdən çox düşüb.

Digər tərəfdən, Demokratların Konqresdə çoxluğu ələ keçirməsinin kriptovalyuta və rəqəmsal aktivlər sektoruna dair tənzimləmələrin gələcəyi ilə bağlı da qeyri-müəyyənlik yaratdığı qiymətləndirilir.

Bu çərçivədə, sektorun uzun müddətdir qanuniləşdirilməsini gözlədiyi və rəqəmsal aktivlərə dair tənzimləyici çərçivə yaratmağı hədəfləyən “CLARITY Act” qanun layihəsinin Konqresdən keçməsi prosesinin ilin sonuna qədər irəliləyiş əldə etməsi ehtimalının aşağı olduğu bildirilir.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu