"Bitcoin"in qiymətində eniş davam edir
"Bitcoin"in qiyməti ötən həftə 16,5% azalaraq 69 923 dollara düşüb. Texnologiya səhmlərindəki yüksək dəyərləndirmə narahatlıqları, geosiyasi risklər və ABŞ Federal Ehtiyat Sisteminin (Fed) siyasəti ilə bağlı qeyri-müəyyənliklər investorları riskli aktivlərdən uzaqlaşdırıb. Bununla da kriptovalyutanın dəyər itkisi artıq 3-cü həftəsinə qədəm qoyub.
Qlobal bazarlarda bir müddətdir davam edən geosiyasi gərginliklər və Fed-in gələcək pul-kredit siyasətinə dair qeyri-müəyyənliklər investorların risk iştahına mənfi təsir göstərir. ABŞ Prezidenti Donald Trampın Fed rəhbərliyinə namizəd göstərdiyi Kevin Vorshın aqressiv faiz endirimlərinə getməyəcəyi ilə bağlı gözləntilər də riskli aktivlərə olan tələbi zəiflədib.
Digər tərəfdən, süni intellekt xərclərinin şirkət mənfəətlərinə təsiri ilə bağlı artan qayğılar və texnologiya səhmlərindəki yüksək qiymətlərin davamlılığının sual altına düşməsi qlobal texnologiya bazarlarında satış təzyiqinə səbəb olub. Bu vəziyyət kriptovalyuta bazarında da kəskin geri çəkilmələrlə nəticələnib.
Qeyd edək ki, Tramp seçki kampaniyası dövründə kriptovalyutaları dəstəkləmək niyyətində olduğunu bildirmişdi. Lakin son hadisələr fonunda "Bitcoin" ilin əvvəli ilə müqayisədə 20,1% dəyər itirərək, 60 min dollar səviyyəsinə qədər – yəni 2024-cü ilin oktyabrından bəri ən aşağı həddə geriləyib.
Kripto bazarında ümumi vəziyyət:
Ethereum: Ötən həftə 23,3% azalaraq 2 055 dollara düşüb.
Ümumi Bazar Dəyəri: Oktyabr ayının əvvəlində 4 trilyon 379 milyar dollara çatan qlobal kriptovalyuta bazarının toplam dəyəri həmin tarixdən bəri 2 trilyon dollardan çox azalaraq təxminən 2 trilyon 300 milyar dollar səviyyəsinə enib. Bu itkinin 1 trilyon dollardan çoxu yalnız son bir ay ərzində baş verib.



