ABŞ İsrailə hücumlara görə İrana yeni sanksiyalar tətbiq edəcək
ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan İrana İsrailə hücumlarına görə yeni sanksiyaların tətbiq ediləcəyini açıqlayıb.
Sallivan açıqlamasında bildirib ki, prezident Co Bayden Konqres üzvləri, ABŞ-ın müttəfiqləri və tərəfdaşları ilə İrana hərtərəfli cavabı koordinasiya edir.
Bu kontekstdə İrana qarşı yeni sanksiyaların tətbiq olunacağına işarə edən Sallivan, “ABŞ yaxın günlərdə İranın raket və pilotsuz uçuş aparatları proqramları, İran Müdafiə Nazirliyi və dəstək verən təşkilatlar da daxil olmaqla, İrana qarşı yeni sanksiyalar tətbiq edəcək" deyib.
ABŞ-dan sonra digər müttəfiq ölkələrin və tərəfdaşların da sanksiyalar tətbiq edəcəyini proqnozlaşdırdığını qeyd edən Sallivan, Vaşinqtonun İranın raket və pilotsuz uçuş aparatları imkanlarına qarşı Yaxın Şərqdə hava və raketdən müdafiə və erkən xəbərdarlıq sistemlərinin inteqrasiyasını gücləndirməyə davam etdiyini bildirib.
Sallivan bəyan edib ki, bu yeni sanksiyalar və digər tədbirlər İrana öz hərbi potensialını və effektivliyini nəzarətdə saxlamaq və zəiflətmək və bütün problemli davranışlarına qarşı çıxmaq üçün təzyiq göstərməyə davam edəcək.