Venesiyada kafedə turistə 7 avroluq musiqi haqqı sürprizi
İtaliyanın Venesiya şəhərindəki məşhur San Marko meydanında yerləşən tarixi kafedə turistin hesabına əlavə edilən 7 avroluq musiqi haqqı təəccübə səbəb olub.
AFN.az xəbər verir ki, Toskana bölgəsindən Venesiyaya səfər edən Simona Pera hesabına “musiqi əlavə haqqı” adı ilə 7 avro yazıldığını sosial media hesabında paylaşıb.
Hesaba əsasən, Pera iki kruassan üçün 31 avro, iki Aperol Spritz üçün 34 avro, canlı musiqi ifasına görə isə əlavə 7 avro ödəyib.
Ümumilikdə 72 avro təşkil edən hesabla bağlı danışan Pera kafedə üç musiqiçidən ibarət kiçik orkestrin müştərilər üçün canlı musiqi ifa etdiyini bildirib.
Pera San Marko meydanındakı məşhur kafedə oturmağın baha başa gələcəyini əvvəlcədən bildiklərini, lakin hesabda ayrıca musiqi haqqı görməsinin onu təəccübləndirdiyini deyib.
Venesiya restoran və kafelərində hesablar üçün bu cür əlavə ödənişlərin tətbiq edilməsi geniş yayılmış təcrübə hesab olunur.
Gündəlik minlərlə turist qəbul edən Venesiyada şəhərin həssas infrastrukturunun yüklənməsi və yerli sakinlərin narazılığı səbəbindən müxtəlif tədbirlər həyata keçirilir.
Şəhər aşırı turizmi nəzarətdə saxlamaq məqsədilə otellərdə qalan turistlərdən şəhər vergisi alır. Bundan başqa, şəhərə bir günlük səfər edənlər üçün də giriş haqqı tətbiq olunur.
Günübirlik turistlər üçün giriş haqqı ilk dəfə 2024-cü ilin aprelində sıxlığın yüksək olduğu günlərdə 5 avro məbləğində tətbiq edilib. 2025-ci ildə isə səfərdən ən azı dörd gün əvvəl rezervasiya etməyənlər üçün bu məbləğ 10 avroya qaldırılıb və ödənişin tətbiq edildiyi günlərin sayı 54-ə çatdırılıb.
Oxşar tədbirlər Avropanın digər məşhur turizm mərkəzlərində də həyata keçirilir. Romada gecələmə üçün sabit məbləğdə turizm vergisi tutulur, Amsterdamda isə bu vergi yaşayış xərclərinin 12,5 faizi həcmində müəyyənləşdirilib.
İngiltərənin Mançester şəhərində ziyarətçi rüsumunun tətbiqindən sonra Edinburqda da oxşar qaydanın tətbiq olunacağı gözlənilir.
İspaniyanın Balear adalarında isə turistlər mövsümə uyğun müəyyən edilən yerli vergiyə cəlb olunur.

