Fransa 15 yaşdan kiçik uşaqların sosial mediaya çıxışını qadağan etdi
Fransa parlamenti 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsini qadağan edən qanun layihəsini qəbul edib.
AFN.az xəbər verir ki, Fransa bu addımla sosial mediadan istifadəyə yaş məhdudiyyəti tətbiq edən ilk Aİ ölkəsi olub.
Prezident Emmanuel Makronun dəstəklədiyi 15 yaşdan kiçik uşaqların sosial mediaya çıxışının məhdudlaşdırılmasını nəzərdə tutan layihə Fransa Senatında bəyənildikdən sonra Milli Məclisdə də səsverməyə çıxarılıb.
Səsvermə zamanı çıxış edən deputatlar bu tənzimləmənin fransız uşaqlarını qorumaq üçün zəruri olduğunu vurğulayıblar.
Aylarla davam edən müzakirələrdən sonra son formasını alan layihə 81 əleyhinə olmaqla 279 deputatın lehinə səs verməsi ilə qəbul edilib.
Makron "X" sosial şəbəkəsindəki hesabında etdiyi paylaşımda söz verdiyi kimi 15 yaşdan kiçiklər üçün sosial medianın qadağan edildiyini bəyan edib.
Qanun layihəsinə dəstək verən parlamentarilərə təşəkkür edən Makron uşaqları onlayn mühitdə qorumaq üçün bu qanunun həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb.
Sənədə əsasən, sosial media platformalarına yaşın təsdiqlənməsi sistemini qurmaq öhdəliyi qoyulacaq və 15 yaşdan kiçik uşaqların sentyabrın 1-dən etibarən sosial media hesabı açmasına icazə verilməyəcək.
Sosial media platformalarından hazırda aktiv olan 15 yaşdan kiçik istifadəçilərə aid hesabları 4 ay ərzində bağlamaları tələb olunacaq.
Fransada 15 yaşdan kiçiklərin sosial mediadan istifadəsinə dair tənzimləmə mətninin yanvar ayında Milli Məclisdə, apreldə isə Senatda təsdiqlənməsinə baxmayaraq, layihələr arasında fərqlər var idi.
Dünən keçirilən iclasda Milli Məclis və Senat eyni mətn üzərində razılığa gəlib.
Son dövrlərdə yetkinlik yaşına çatmayanların sosial mediadan istifadəsi ölkələrin gündəmində olduğu bir vaxtda dünya üzrə 20-yə yaxın ölkə uşaqların sosial mediaya çıxışına dair qaydalar tətbiq edib və ya edəcəyini açıqlayıb.
Avstraliya, Çin, Braziliya, İndoneziya və Malayziya sosial şəbəkələrdən istifadəyə yaş həddi tətbiq edən ölkələr sırasında yer alarkən, Avropa İttifaqı da bu istiqamətdə addımlar atacağını öhdəsinə götürüb.

