Yunanıstan 15 yaşdan aşağı uşaqlar üçün sosial medianı qadağan edir
Yunanıstanın Baş naziri 15 yaşdan aşağı uşaqlar üçün sosial mediadan istifadənin qadağan ediləcəyini açıqlayıb.
AFN.az xəbər verir ki, Yunanıstanda 15 yaşınadək uşaqların sosial media platformalarına girişi rəsmən məhdudlaşdırılır. Baş nazir Kiriakos Mitsotakis ölkədə 1 yanvar 2027-ci il tarixindən etibarən 15 yaş və ondan aşağı uşaqların sosial şəbəkələrə çıxışının qadağan ediləcəyini elan edib.
Mitsotakis bu qərarın əsas səbəbi kimi sosial mediadan istifadə nəticəsində artan təşviş pozğunluğu halları, yuxu problemləri və onlayn platformalardan asılılığı göstərib. "Çətin, lakin zəruri bir addım atmağa qərar verdik" deyən Baş nazir bu barədə elanını elə sosial media vasitəsilə ictimaiyyətə çatdırıb. "Məqsədimiz Avropa İttifaqını da bu istiqamətə sövq etməkdir" deyən Mitsotakis birbaşa uşaqlara da müraciət edib.
Baş nazir qeyd edib ki, valideynlər uşaqların yaxşı yatmadığını, asanlıqla stresə girdiklərini və daim mobil telefonlarla məşğul olduqlarını bildirirlər. Uşaqların zehninin istirahət edə bilmədiyini vurğulayan Mitsotakis, bu qərarın bir neçə ildən sonra müsbət dəyərləndiriləcəyini qeyd edib. Bildirilir ki, Yunanıstandakı bu qadağanın digər mühüm səbəbi kiberbullinq (onlayn zorakılıq) hallarının artmasıdır; ölkədə yaradılan yardım mərkəzlərinə müraciət edənlərin 75 faizini məhz ibtidai sinif yaşındakı uşaqlar təşkil edir.

