İngiltərə 16 yaşdan aşağı şəxslərə sosial media qadağasını müzakirə edir
İngiltərənin Baş naziri Kir Starmer ölkədə mövcud olan qaydaların uşaqları internetin zərərli təsirlərindən qorumadığını bildirərək, yaxın vaxtlarda 16 yaşdan aşağı şəxslərin sosial media istifadəsini qadağan etmək və ya məhdudlaşdırmaq istiqamətində lazımi addımların atılacağını qeyd edib.
Starmer Londondakı bir icma mərkəzində qatıldığı tədbirdə 16 yaşdan aşağı uşaqlar üçün sosial media qadağası və ya məhdudiyyət tətbiqi planı ilə bağlı açıqlamalar verib. Bu məsələdə sürətlə yeni bir tənzimləmə hazırlayıb qüvvəyə mindirmək niyyətində olduğunu izah edən Starmer süni intellektli söhbət botlarının da uşaqlar üçün çoxsaylı risklər daşıdığını və buna qarşı da tədbir görəcəklərini vurğulayıb.
Baş nazir vurğulayıb ki, qadağa problemin həlli üçün nəzərdən keçirilən ehtimallardan yalnız biridir. Milli Uşaqlara Qarşı İşgəncənin Qarşısının Alınması Cəmiyyəti (NSPCC) kimi uşaqların müdafiəsi sahəsində çalışan tərəfdaşlar isə bu vəziyyətin uşaqları internetin daha qaranlıq künclərinə itələyəcəyini müdafiə edirlər.
Uşaqların sosial mediadan faydalı məqsədlər üçün də istifadə etdiyini qeyd edən Starmer: "İllər deyil, aylar ərzində hərəkətə keçmək üçün səlahiyyət almışıq. Təkcə yaş probleminə deyil, eyni zamanda avtomatik sürüşdürmə (scrolling) xüsusiyyətinə malik tətbiqlər barədə də çox sürətli addımlar atmalıyıq" deyə bildirib.
İngiltərə hökuməti bənzər bir qadağanı tətbiq edən Avstraliyanın təcrübəsindən istifadə etməyi hədəfləyir. Xatırladaq ki, hökumət daha əvvəl "X" platformasına inteqrasiya edilmiş süni intellekt aləti Grok-a qarşı da araşdırma başlatmışdı.

