Sərnişin təyyarələrinin marşrutuna daxil olan pilot qülləni özündən çıxardı
Florida səmasında ratsiyasını söndürərək sərnişin təyyarələrinin marşrutuna daxil olan və təhlükəli manevrlər edən kiçik bir təyyarənin pilotu hava hərəkəti dispetçerini qəzəbləndirib.
AFN.az xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının Florida ştatında yerləşən və ölkənin ən sıx 18-ci hava limanı olan Fort Loderdeyl-Hollivud Hava Limanı səmada qorxu dolu anlara səhnə olub. Federal Aviasiya Administrasiyasının (FAA) verdiyi məlumata görə, "JetBlue" aviaşirkətinə məxsus 1256 reys nömrəli sərnişin təyyarəsinin pilotu enişə keçdiyi zaman dispetçerə ərazidə nizamsız uçan kiçik bir təyyarənin olduğunu bildirib.
Səmada cəmi bir neçə yüz futluq hündürlük və təxminən bir millik məsafə qalana qədər sərnişin təyyarəsinə tərəf yönələn kiçik təyyarə hava limanının idarəetmə qülləsində də təşviş yaradıb. Səs yazılarında "JetBlue" pilotunun ratsiyadan "Üzərimizə doğru dönür" dediyi eşidilir, nəzarətçinin isə kiçik təyyarənin pilotuna əsəbləşərək məşhur döyüş filminə istinadən ona "Mad Max" ləqəbini qoyduğu və "Bu adam dəlidir" deyə qışqırdığı qeydə alınıb.
Baş verən təhlükəli yaxınlaşma zamanı qüllə ilə heç bir şəkildə əlaqə saxlamayan kiçik təyyarənin pilotu təkcə birinci sərnişin təyyarəsini deyil, eniş növbəsində olan ikinci bir "JetBlue" təyyarəsini də təhlükəyə atıb. Hava hərəkəti dispetçeri digər sərnişin təyyarəsinə də xəbərdarlıq edərək məchul təyyarənin sanki digər hava nəqliyyatı vasitələrinin üzərinə doğru yüksəlməyə çalışdığını ifadə edib.
FAA hadisə zamanı təhlükəsiz uçuş üçün zəruri olan minimum ayrılma məsafəsinin birtəhər qorunduğunu və hər iki sərnişin təyyarəsinis qısa müddət sonra uçuş-enmə zolağına problemsiz şəkildə enməyi bacardığını açıqlayıb. Lakin ratsiya bağlantısı qurmayan bu təyyarənin haradan havalandığı və ya niyə bu qədər aqressiv və təhlükəli manevrlər etdiyi hələlik rəsmi olaraq dəqiqləşməyib. Federal Aviasiya Administrasiyası hadisə ilə bağlı genişmiqyaslı araşdırmaya başlayıb.
Bu son hadisə son həftələrdə ABŞ miqyasında qeydə alınan bir sıra təhlükəli aviasiya insidentlərinin sadəcə son halqasını təşkil edir. Keçən günlərdə San-Dieqo Hava Limanına enən "United Airlines" təyyarəsi dronla toqquşma təhlükəsi barədə məlumat verərkən, Neşvill yaxınlığında da iki "Southwest Airlines" təyyarəsi səmada toqquşmaqdan son anda xilas olub.
Eyni şəkildə Los-Anceles Hava Limanında "Frontier Airlines" təyyarəsinin uçuş-enmə zolağındakı iki yük maşını ilə az qala toqquşacağı digər bir hadisə də hazırda araşdırılır. Floridadakı təhlükəyə səbəb olan kiçik təyyarənin ərazidə onlarla şəxsi təyyarə və kiçik hava nəqliyyatına ev sahibliyi edən "North Perry" Hava Limanından qalxmış ola biləcəyi təxmin edilir.



