Qətər Hörmüz boğazının açılması ilə bağlı İran və Körfəz ölkələri arasında danışıqlara başlayır
Qətərin Baş naziri Məhəmməd bin Əbdülrəhman Əl Tani Hörmüz boğazının açılması və gələcəkdə ondan istifadə rejimi ilə bağlı İran, İraq və Fars körfəzi ölkələrinin iştirakı ilə danışıqların təşkilini müzakirə etmək üçün Omanın paytaxtı Maskata səfər edib.
AFN.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi danışıqların gedişatına bələd olan diplomatik mənbəyə istinadən məlumat yayıb.
Qeyd olunur ki, bu danışıqlar ABŞ və İran arasında aparılan dialoqdan, eləcə də boğazın minalardan təmizlənməsi xidmətlərindən ayrı və müstəqil şəkildə keçirilməlidir. Gözlənilir ki, Körfəz ölkələri tranzit üçün hər hansı rüsumların ləğv edilməsini tələb edəcəklər. "Reuters" yazır ki, İran isə bunun müqabilində ekoloji rüsum, habelə təhlükəsizlik və naviqasiya haqlarının yığılmasını təklif edə bilər.
Mənbə onu da əlavə edib ki, Hörmüz boğazı ilə yanaşı, yaxın gələcəkdə Ər-Riyadda İranla Fars körfəzi ölkələri arasında regional barışıq mövzusunda ayrıca danışıqların keçirilməsi də planlaşdırılır.
