Britaniya və Fransa Hörmüz boğazının minalardan təmizlənməsi missiyasına rəhbərlik edəcək
Böyük Britaniya və Fransa ABŞ və İran arasında strateji su yolunda gəmiçiliyin bərpasına dair mümkün razılaşmadan dərhal sonra Hörmüz boğazının minalardan təmizlənməsi üzrə çoxmillətli missiyaya rəhbərlik etməyə hazırlaşır.
AFN.az "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, əməliyyatda hərbi heyət və texnika ilə iştirak etməyə artıq 15-ə yaxın ölkə razılıq verib. Qüvvələrin əsas yerləşdirilməsi Vaşinqton və Tehran arasında kommersiya gəmiçiliyinin bərpası və regionda hərbçilərin təhlükəsizliyinə dair razılaşma əldə olunduqdan sonra başlayacaq.
Hazırda ABŞ və İran arasında Fars körfəzindəki son toqquşmalar fonunda boğazda hərəkət demək olar ki, tamamilə dayanıb. Mənbələrin bildirdiyinə görə, qərb hərbçiləri boğazın İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən basdırıldığı iddia edilən minalardan təmizlənməsi proqramını artıq hazırlayıblar, lakin hələ də əlavə dəstək gəmilərinə ehtiyac var.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp mina təhlükəsinin böyük ölçüdə aradan qaldırıldığını desə də, Dövlət katibi Marko Rubio əksinə, İranın boğazın geniş ərazilərini minaladığını iddia edib. Missiyaya hazırlıq çərçivəsində Böyük Britaniya artıq minaların aşkarlanması və zərərsizləşdirilməsi sistemləri ilə təchiz olunmuş "RFA Lyme Bay" gəmisini regiona göndərib.
