Oman Hörmüz boğazından keçidlərin ödənişli edilməsini dəstəkləmədi



Oman xarici işlər naziri Bədr bin Həməd əl-Busaidi Hörmüz boğazından keçidlərin ödənişli edilməsini dəstəkləmədiklərini açıqlayıb.

AFN.az xəbər verir ki, rəsmi təmaslar çərçivəsində Fransada səfərdə olan Omanın xarici işlər naziri Busaidi Monte Karlo Beynəlxalq Radiosuna Hörmüz boğazından keçidlər, dənizçilik xidmətləri ilə bağlı mexanizmlər və İran ilə ABŞ arasında imzalanmış anlaşma memorandumu barədə fikirlərini bölüşüb.

Busaidi qlobal iqtisadiyyat və region ölkələri üçün mühüm su yolu olan Hörmüz boğazının təhlükəsiz və hər kəs üçün açıq qalmasını istədiklərini söyləyib.

Oman ilə İran arasındakı mövcud dialoqun bağlanacaq sazişlərin beynəlxalq hüquq qaydalarına uyğun gəlməsi zərurətinə əsaslandığını bəyan edən Busaidi Omanın Birləşmiş Millətlər Təşkilatının Dəniz Hüququ Konvensiyasına sadiq olduğunu və boğazdakı yeni tənzimləmələrin beynəlxalq legitimlik çərçivəsindən kənara çıxmamalı olduğunu vurğulayıb.

Boğazdan keçidlərin pullu olması ilə bağlı müzakirələrə də toxunan Busaidi Oman olaraq bunu dəstəkləmədiklərini bildirərək, lakin naviqasiya təhlükəsizliyinin artırılması, fövqəladə hallara hazırlıq və çirklənməyə qarşı mübarizə kimi dənizçilik xidmətləri ilə əlaqəli mexanizmlərin nəzərdən keçirilə biləcəyini qeyd edib.

Busaidi bu məsələ ilə bağlı hər hansı bir tənzimləmənin boğazdan istifadə edən ölkə və şirkətlərlə məsləhətləşmələr aparılaraq həyata keçiriləcəyini dilə gətirib.

Ölkəsinin İran ilə ABŞ arasındakı anlaşma memorandumunun icrasını və gərginliyin azaldılmasını dəstəklədiyini bildirən Busaidi Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələr arasında da bu məsələdə razılıq olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, Hörmüz boğazında naviqasiyanın idarə edilməsi üçün İran ilə Oman arasında Birgə Hörmüz Komitəsi yaradılıb və bu komitə ilk iclasını bu yaxınlarda Omanda keçirib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu