İran: Hörmüz boğazından keçidlərdə ödəniş tələb olunmayacaq
İran Xarici İşlər Nazirliyinin sözçüsü Hörmüz boğazının idarəçiliyinin sahilyanı ölkələrə məxsus olduğunu bildirərək, keçidlərdən ödəniş alınmasının gündəmdə olmadığını açıqlayıb.
AFN.az xəbər verir ki, XİN rəsmisi Hörmüz boğazı ilə bağlı mümkün razılaşma barədə danışarkən, boğazdan keçidlərin ödənişli olacağı ilə bağlı iddiaları təkzib edib.
Göstəriləcək xidmətlərin müəyyən bir xərc tələb edə biləcəyini ifadə edən sözçü, bunun keçid haqqı kimi qiymətləndirilməməli olduğunu vurğulayıb.
ABŞ ilə aparılan danışıqlara da toxunan iranlı rəsmi bir çox məsələdə ümumi çərçivənin formalaşdığını, lakin bunun razılaşmanın yaxın olduğu mənasına gəlmədiyini qeyd edib.
Sözçü, həmçinin Livan da daxil olmaqla bütün cəbhələrdə qarşıdurmaların dayandırılmasının da mümkün razılaşmanın tərkib hissəsi olacağını diqqətə çatdırıb.
