ABŞ-İran atəşkəsindən sonra Hörmüz boğazından ilk gəmilər keçib
ABŞ və İran arasında Prezident Donald Trampın Hörmüz boğazının tamamilə açılması şərti ilə əldə olunan iki həftəlik müvəqqəti atəşkəs qərarından sonra boğazdan ilk gəmilərin keçidi qeydə alınıb.
AFN.az xəbər verir ki, "MarineTraffic" gəmi izləmə şirkətinin məlumatlarına görə, atəşkəs razılaşmasının ardınca Hörmüz boğazında ilk hərəkətlilik müşahidə olunmağa başlayıb.
Liberiya bayrağı altında üzən "Daytona Beach" adlı yük gəmisi Bakı vaxtı ilə saat 09:28-də İranın Bəndər-Abbas limanından ayrıldıqdan sonra saat 10:59-da boğazı keçib. Hazırda Oman körfəzində olan gəminin təyinat nöqtəsi Birləşmiş Ərəb Əmirliklərinin Füceyrə limanıdır.
Yunanıstana məxsus "NJ Earth" yük gəmisi isə saat 12:44 radələrində Hörmüz boğazından keçidini tamamlayıb. Bu keçidlər regionda dəniz ticarətinin yenidən bərpası istiqamətində ilk mühüm addımlar kimi qiymətləndirilir.

