İran: ABŞ ilə razılaşmada 60 günlük müddət nəzərdə tutulmayıb



İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ ilə imzalanan anlaşma mətnində İrana qarşı hər hansı 60 günlük müddət və ya ultimatumun olmadığını bildirərək, danışıqların ABŞ-ın razılaşmanı pozması səbəbindən başlamadığını deyib.

AFN.az xəbər verir ki, İran dövlət televiziyasının məlumatına görə, Bəqayi keçirdiyi həftəlik mətbuat konfransında jurnalistlərin gündəmlə bağlı suallarını cavablandırıb.

Bir sual üzərinə Bəqayi razılaşma mətnində 60 günlük müddət başlığı altında hər hansı müddəanın olmadığını bildirərək, İranın siyasətini təzyiq, ultimatum və ya vaxt məhdudiyyəti altında müəyyən etmədiyini ifadə edib.

Bəqayi razılaşmada nəzərdə tutulan 60 günlük dövrün ultimatum olmadığını, sanksiyaların ləğvi və nüvə fəaliyyətlərini əhatə edən iki istiqamət üzrə danışıqların aparılması üçün müəyyən edilmiş zaman aralığı olduğunu söyləyib.

Razılaşmanın imzalanmasından sonra ABŞ-ın cəmi bir neçə həftə ərzində sənədi açıq şəkildə pozduğunu bildirən Bəqayi bu səbəbdən danışıqların başlamadığını, danışıqlar başlamadığı üçün də 60 günlük müddətin qüvvədə qalmasının mümkün olmadığını qeyd edib.

Xatırladaq ki, ABŞ ilə İran arasında iyunun 17-də Pakistanın paytaxtı İslamabadda imzalanan anlaşma memorandumunun üzərindən 60 gün keçib.

Tehran ABŞ ilə danışıqların yenidən başlanması üçün müəyyən şərtlər irəli sürərkən, Vaşinqtonun İrana qarşı yeni iqtisadi tədbirləri və Hörmüz boğazında yaşanan böhran gündəmdəki yerini qoruyur.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu