Aqil Ələsgər yenidən Türk İnternet Media Birliyinin İdarə Heyətinə seçilib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 7 mart 2023-cü il tarixli 6906 saylı Qərarnaməsi ilə “Beynəlxalq xarakterli təşkilatların qurulması haqqında” Qanun çərçivəsində yaradılan Türkiyə İnternet Media Birliyinin (TİMBİR) II Qurultayı Ankarada keçirilib.
Qurultayda dövlət qurumlarının, media təşkilatlarının, qeyri-hökumət sektorunun rəhbərləri, elm və ictimaiyyət nümayəndələri, həmçinin TİMBİR-in Türkiyə və xarici ölkələrdən olan üzvləri iştirak ediblər.
Qurultayın iştirakçıları arasında TİMBİR Ali Məşvərət Şurasının sədri Seyfullah Hacımüftüoğlu, AKP 24-cü dönəm millət vəkili Rıfat Sait, Türkiyə DİN Vətəndaş Cəmiyyəti ilə Əlaqələr Baş İdarəsinin şöbə müdiri Fahrettin Kaya, RATEM sədri Vedat Gündoğan, Türkiyə Jurnalistlər Federasiyasının sədri Yılmaz Karaca, EkoAvrasiya Vəqfi başqanı Hikmət Eren, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Aqil Ələsgər və TİMBİR İdarə Heyətinin üzvləri yer alıblar.
Qurultayın açılışında çıxış edən TİMBİR Başqanı Dr. Süleyman Basa bildirib ki, birlik qısa müddətdə internet mediasının ortaq platformasına çevrilib. Onun sözlərinə görə, TİMBİR hazırda Türkiyənin 81 vilayətində və dünyanın 26 ölkəsində təmsil olunur:
“TİMBİR bu gün 81 şəhər və 26 ölkədə fəaliyyət göstərir. Yüzlərlə media qurumunu eyni dam altında birləşdirən güclü bir təşkilat qurmuşuq. Bu gün burada sadəcə Qurultay keçirmirik. Eyni zamanda üç illik əməyimizin hesabatını verir, yeni dövrün məqsədlərini birlikdə müəyyənləşdiririk. Yerlinin səsini mərkəzə daşıdıq, yerli jurnalistikanın tək olmadığını bütün Türkiyəyə göstərdik.”
TİMBİR Ali Məşvərət Şurasının sədri Seyfullah Hacımüftüoğlu isə çıxışında birliyin Anadolu boyunca möhkəm təşkilatlanma yaratdığını vurğulayıb: “Dayandığımız anda hədəfdən uzaqlaşarıq. Pedalı daha sürətlə çevirməliyik. Çünki dünya çox sürətlə dəyişir.”
Daha sonra TİMBİR-in yeni dövr üzrə rəhbər strukturları müəyyənləşdirilib. “Yeni Çağ” Media Qrupunun rəhbəri, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Aqil Ələsgər növbəti dəfə TİMBİR İdarə Heyətinə seçilib.
İdarə Heyətinin əsas heyəti: Süleyman Basa (sədr), Hasan Özdemir (Bursa), Adil Koçalan (İstanbul), Aqil Ələsgər (Azərbaycan), Cengiz Aksan (Şanlıurfa), Cüneyd Altıparmak (Ankara), Ercihan Çakmak (Kırıkkale), Ertan Birinci (KKTC), Fatih Tüten (Ankara), Hakan Kandemir (İzmir), Hasan Cengiz (Kastamonu), Adem Erdağı (Dənizli), Hasan Yavuz Bakır (Rizə), Mehmet Aydın (Aydın), Menderes Demir (Osmaniyə), Muammer Baloğlu (Zonquldaq), Muhammet Kaçar (Ankara), Nevser Tavgaç Eraslan (Ədirnə), Osman Ateşli (İstanbul), Özkan Dikmen (Təkirdağ), Rıfat Sait (İzmir), Sait Çetintaş (Samsun), Selçuk Özdemir (Ərzincan), Semra A. Akyürek (Balıkəsir), Tanju Akıncıoğlu (Trabzon), Veysel Cıncık (Hatay), Yücel Yalçınkaya (İstanbul).



