OpenAI-dan ABŞ hökumətinə 5 faizlik pay təklifi



"ChatGPT"nin tərtibatçısı "OpenAI" şirkətin 5 faizlik payını ABŞ hökumətinə təhvil vermək üçün ilkin danışıqlara başlayıb.

AFN.az xəbər verir ki, "Financial Times" qəzetinin məsələyə yaxın mənbələrə istinadən yaydığı məlumata görə, "OpenAI" bənzər bir pay təhvil verməyi ölkədəki digər böyük süni intellekt şirkətləri tərəfindən də edilməsini təklif edir.

Sem Altman və şirkət rəhbərləri ən böyük süni intellekt tərtibatçılarının səhmlərinin 5 faizini Alyaska Daimi Fondu kimi bir suveren sərvət fonduna təhvil verməsini nəzərdə tutur.

Neft gəlirlərini səhmlərə yatıraraq ştat sakinlərinə dividend paylayan bu modelə bənzər struktur vasitəsilə süni intellekt mənşəli iqtisadi böyümədən bütün vətəndaşların pay alması hədəflənir.

Lakin "Anthropic", "Google" və "Meta" kimi digər texnologiya nəhənglərinin bu planı dəstəkləyib-dəstəkləməyəcəyi hələlik məlum deyil.

Bu qeyri-adi təklif Vaşinqtonun süni intellekt şirkətləri üzərindəki milli təhlükəsizlik təzyiqini artırdığı bir dövrə təsadüf edir.

Ötən günlərdə rəqib firma "Anthropic" hökumətin milli təhlükəsizlik səbəbi ilə xarici vətəndaşların girişini məhdudlaşdırmaq barədə göstərişindən sonra ən yeni modelini müvəqqəti olaraq dayandırmalı olmuşdu.

Bu cür tənzimləmə və təhlükəsizlik narahatlıqlarının fonunda "OpenAI" həm Prezident Donald Tramp, həm də Ticarət Naziri Hovard Lutnik və Maliyyə Naziri Skott Bessent ilə dövlət mülkiyyəti məsələsini müzakirə edən görüşlər keçirib.

Görüşlərin hələlik ideya mərhələsində olduğu və belə bir razılaşmanın reallaşması üçün ABŞ Konqresinin razılığının tələb oluna biləcəyi ifadə edilir.

Gələcəkdə dəyərlərinin 1 trilyon dolları keçə biləcəyi təxmin edilən "OpenAI" və "Anthropic" ABŞ birjalarında ilkin kütləvi təklifə (IPO) hazırlaşır.

"OpenAI" rəsmiləri daha əvvəl dərc etdikləri siyasət hesabatlarında maliyyə bazarlarında investisiyası olmayan vətəndaşların da süni intellekt dəstəkli böyümədən pay ala bilməsi üçün bir dövlət sərvət fondunun yaradıla biləcəyini qeyd etmişdilər.

Digər tərəfdən, Sem Altmanın böyük süni intellekt şirkətlərinin səhmlərinə birdəfəlik 50 faizlik vergi tətbiq edilərək müstəqil komissiya tərəfindən idarə olunacaq suveren sərvət fondunun yaradılmasını müdafiə edən Demokrat senator Berni Sanders ilə də bu məsələni müzakirə etdiyi bildirilir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu