Zelenski: ABŞ-dan danışıqlar barədə siqnallar alırıq



Ukrayna Prezidenti Volodimir Zelenski müharibənin başa çatdırılması istiqamətində danışıqlar prosesinin yaxın gələcəkdə bərpa oluna biləcəyi barədə ABŞ-dan müvafiq məlumatlar aldıqlarını açıqlayıb.

AFN.az xəbər verir ki, Zelenski Brüsseldə keçirilən Avropa İttifaqı (Aİ) Liderlər Sammitinə onlayn formatda qatılaraq iştirakçılar qarşısında çıxış edib. Ölkəsinin Aİ-yə inteqrasiyası istiqamətində görülən işlər barədə məlumat verən Zelenski "Rusiya Ukraynanın Avropada olacağını, bunun qarşısının alına bilməyəcəyini aydın şəkildə anlamalı və hiss etməlidir" deyə vurğulayıb.

Prezident müttəfiqləri Ukraynanın "Prioritet Ehtiyaclar Siyahısı"na (PURL) töhfə verməyə və xüsusilə "Patriot" hava hücumundan müdafiə sistemləri üçün raket tədarükünü davam etdirməyə çağırıb. Zelenski çıxışında ilin əvvəlində Rusiya-ABŞ-Ukrayna arasında başlayan üçtərəfli danışıqlar prosesinə də toxunaraq "Son bir neçə gündür ABŞ tərəfindən görüşlərin yaxın vaxtlarda davam edə biləcəyinə dair siqnallar alırıq" deyib.

Bununla yanaşı, Zelenski bəzi narahatlıqlarını da dilə gətirib. O, Aİ-nin 2026-2027-ci illər üçün nəzərdə tutduğu 90 milyard avroluq dəstək paketinin hələ işə düşmədiyini, Rusiyaya qarşı 20-ci sanksiya paketinin qarşısının alındığını və ABŞ-ın bəzi sanksiyaları qismən ləğv etdiyini xatırladıb. O, rusların danışıqlarda mövqelərinin gücləndiyi hissinə qapılmamaları üçün hamının məsuliyyət daşıdığını ifadə edib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu