Rusiyanın Ukraynaya hava hücumu nəticəsində 11 nəfər ölüb
Rusiyanın Ukraynanın paytaxtı Kiyevə etdiyi erkən saatlardakı hücumlarda azı 11 nəfər həyatını itirib.
AFN.az xəbər verir ki, axtarış-xilasetmə qrupları qismən dağılan yaşayış binalarının dağıntıları altında qalan mülki şəxslərə çatmaq üçün zamanla yarışır.
Kiyevin ən yüksək rütbəli hərbi idarəçisi Timur Tkaşenko hücumlarda 5-i uşaq olmaqla, azı 46 nəfərin yaralandığını açıqlayıb.
Kiyev meri Vitali Kliçko Rusiyanın ballistik raketlərinin şəhər daxilində bir neçə binaya zərbə endirdiyini və bəzi yaşayış binalarında yanğın başladığını bəyan edib.
Kliçko anbarlara və bir qaraj emalatxanasına da ziyan dəydiyini sözlərinə əlavə edib.
Şəhərdən gələn görüntülərdə tüstüləyən dağıntı yığınları və kömürləşmiş avtomobillər diqqət çəkir.
Xilasedicilər bazar ertəsi səhər saatları ərzində sağ qalanları tapmaq üçün işlərini davam etdirirlər.
Ukrayna Moskvanı mülki əraziləri qəsdən hədəf almaqda ittiham edərkən, Rusiya isə Ukraynanın Rusiya torpaqlarındakı elektrik stansiyaları və enerji obyektlərinə təşkil etdiyi hücumlara cavab olaraq hərbi və enerji bazalarını hədəf aldığını iddia edib.
Qarşılıqlı hücumlar gecə boyu da davam edib və Rusiyanın işğalı altında olan Krımın Sevastopol şəhərində elektrik enerjisinin verilişi müvəqqəti kəsilib.
NATO toplantısı ərəfəsində müttəfiqlərinə hava hücumundan müdafiə çağırışı edən Zelenski Rusiyaya qarşı istifadə olunacaq uzaqmənzilli raketlərin tədarükündə gecikməməyi tələb edib.
"X" sosial şəbəkə hesabı vasitəsilə açıqlama verən Zelenski hava hücumundan müdafiə üçün raket tədarükündə yaşanacaq hər bir gecikmənin insan itkisi demək olduğunu və Rusiyanı müharibəni davam etdirmək üçün cəsarətləndirdiyini bildirib.
Ukrayna lideri həmçinin "Patriot" müdafiə raketlərinin Ukraynada istehsal olunması üçün ABŞ tərəfindən lisenziya verilməsini istəyib.
