Kliçko: Kiyev intensiv hava hücumu altındadır
Ukraynanın paytaxtı Kiyevin meri Vitali Kliçko Rusiya ordusunun gecə saatlarından bəri şəhərə qarşı intensiv hava hücumlarını davam etdirdiyini bildirib.
AFN.az xəbər verir ki, Kliçko sosial media hesabından etdiyi açıqlamada Rusiyanın Kiyevə qarşı yerli vaxtla saat 03:18-dən etibarən başlatdığı intensiv hava hücumlarının hələ də davam etdiyini qeyd edib.
Şəhərin fərqli bölgələrində yanğınların başladığına diqqət çəkən Kliçko hücum nəticəsində Kiyevdəki bəzi yaşayış binalarının, bir poliklinika binasının və yanacaqdoldurma məntəqəsinin zərər gördüyünü, axtarış-xilasetmə işlərinin davam etdiyini vurğulayıb.
Kliçko mövcud məlumatlara görə hücumlarda 4 nəfərin öldüyünü, 3-ü uşaq olmaqla 51 nəfərin yaralandığını ifadə edib.
Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığından verilən bəyanatda isə başda Kiyev və ətrafı olmaqla ölkənin müxtəlif bölgələrinə qarşı raketlər və zərbə tipli pilotsuz uçuş aparatları ilə hücumların davam etdiyi bildirilib.


