Avropa İttifaqında gömrük sistemi yenilənir: vahid rəqəmsal platforma yaradılacaq
Avropa İttifaqında gömrük prosedurlarının rəqəmsallaşdırılması və sadələşdirilməsi məqsədilə genişmiqyaslı islahat mərhələli şəkildə həyata keçirilməyə başlayıb.
AFN.az xəbər verir ki, Avropa Komissiyasının açıqlamasına əsasən, Avropa Parlamenti və Aİ Şurası tərəfindən qəbul edilərək Aİ-nin Rəsmi Qəzetində dərc olunan gömrük islahatı bu gündən etibarən mərhələli şəkildə tətbiq olunacaq.
Yeni qaydalarla Aİ gömrük sisteminin rəqəmsallaşdırılması, prosedurların üzv ölkələr arasında uyğunlaşdırılması, inzibati yükün azaldılması və sərhəd nəzarətində risklərin idarə edilməsinin gücləndirilməsi hədəflənir.
İslahatın əsas elementlərini gömrük prosedurlarına dair qaydaları yenidən müəyyən edən Aİ Gömrük Məcəlləsi və mərkəzi Fransanın Lill şəhərində yerləşəcək Aİ Gömrük İdarəsi təşkil edir.
Aİ Gömrük İdarəsi üzv ölkələrin gömrük orqanları arasında əməkdaşlığı artıracaq, İttifaq üzrə risklərin birgə qiymətləndirilməsini təmin edəcək və sərhədlərdə qarşılaşılan təhdidlərə koordinasiyalı müdaxiləni dəstəkləyəcək.
Yeni qurumun əsas vəzifələrindən biri mövcud milli informasiya texnologiyaları sistemlərini əvəz edəcək Aİ Gömrük Məlumat Mərkəzinin yaradılması olacaq.
Yeni sistemlə müxtəlif milli platformalar üzərindən həyata keçirilən gömrük əməliyyatları zamanla vahid Aİ məlumat platformasında birləşdiriləcək. Bununla da şirkətlər idxal və ixracla bağlı gömrük və məhsul məlumatlarını vahid sistem üzərindən təqdim edə biləcəklər.
Sistemdən istifadə elektron ticarət şirkətləri üçün 1 iyul 2028-ci ildən məcburi olacaq. Məlumat mərkəzinin digər şirkətlərin istifadəsinə isə ən geci 2031-ci ildə açılması nəzərdə tutulur.
İslahat çərçivəsində aşağı dəyərli elektron ticarət göndərişləri ilə bağlı qaydalar da dəyişdirilir.
Aİ 150 avronu keçməyən göndərişlərə tətbiq olunan gömrük rüsumundan azadolmanı ləğv edib. Bunun əvəzinə 1 iyul 2026-cı ildən 1 iyul 2028-ci ilədək bu bağlamalardakı hər məhsul növünə görə 3 avroluq müvəqqəti gömrük rüsumu tətbiq edilir.
Kiçik bağlamaların gömrük orqanlarında yaratdığı emal xərclərini qarşılamaq məqsədilə noyabr ayından etibarən Aİ üzrə əlavə emal haqqı tutulacaq. Müvəqqəti gömrük rüsumundan ayrıca tətbiq ediləcək bu haqqın məbləği Aİ Komissiyasının hazırlayacağı qaydalarla müəyyənləşdiriləcək.
Üzv ölkələrə zəruri tənzimləmələri həyata keçirmək üçün 12 ay vaxt verilib. Aİ Gömrük İdarəsinin isə 2027-ci ildə fəaliyyətə başlaması nəzərdə tutulur.

