ABŞ-dən 60-dan çox ölkəyə yeni gömrük rüsumu dalğası
ABŞ Prezidenti Donald Tramp mövcud müvəqqəti rüsumların müddətinin başa çatması ilə birlikdə onlarla ticarət tərəfdaşına yönəlik yeni və ikirəqəmli gömrük rüsumlarını qüvvəyə mindirir.
AFN.az xəbər verir ki, ABŞ idxalının 99 faizini təşkil edən 60 ölkədən edilən məhsul alışlarına 10 faiz ilə 12,5 faiz arasında dəyişən nisbətlərdə əlavə rüsum tətbiq edəcək.
Vaşinqton administrasiyası qərara əsas kimi sözügedən ölkələrin məcburi əməklə istehsal olunan mallara yönəlik qadağaları kifayət qədər tətbiq etməməsini göstərib.
Yeni gömrük rüsumları Ali Məhkəmənin fevral ayında Trampın ən əhatəli rüsum tənzimləmələrini ləğv etməsindən sonra tətbiq edilən 10 faizlik qlobal müvəqqəti rüsumların müddətinin başa çatdığı cümə günü saat 00:01-dən etibarən qüvvədə olacaq.
ABŞ Ticarət Nümayəndəsi Ceymison Qrir məsələ ilə bağlı verdiyi açıqlamada "ABŞ təxminən bir əsrdir ki, məcburi əməklə istehsal olunan malların idxalına qadağa tətbiq edir və buna ciddi nəzarət edir. Ticarət tərəfdaşlarımızın da eynisini etməsinin vaxtı çoxdan çatıb. Bu addım həm insan hüquqları pozuntusunu, həm də ticarəti pozan təcrübələri aradan qaldırmağa başlayaraq hər yerdəki çalışanların rifahını artıracaq" ifadələrini işlədib.
Tramp bu gedişində 1974-cü il Ticarət Qanununun 301-ci maddəsinə əsaslanır.
Sözügedən maddə prezidentə haqsız, əsassız və ya ayrı-seçkilik edən ticarət təcrübələri həyata keçirdiyi müəyyən olunan ölkələrə gömrük rüsumu və digər sanksiyalar tətbiq etmək səlahiyyəti verir.
Tramp ilk prezidentliyi dövründə Çinə yönəlik genişmiqyaslı gömrük rüsumlarını da bu maddəyə əsaslanaraq tətbiq etmişdi.
ABŞ Ticarət Nümayəndəliyi ABŞ idxalının 70 faizini təşkil edən 16 ölkənin həddindən artıq istehsal edərək qiymətləri düşürdüyü və ABŞ şirkətlərini qlobal bazarlarda əlverişsiz vəziyyətə salıb-salmadığına dair yeni bir araşdırma başladımışdı.
Araşdırmanın tamamlanması ilə 301-ci maddə çərçivəsində yeni rüsumların gündəmə gələ biləcəyi bildirilir.
Keçən il illik azad ticarət siyasətini dəyişən Tramp qlobal ticarət kəsirini əsas gətirərək demək olar ki, bütün ölkələrdən edilən idxala əlavə rüsumlar gətirmişdi.
Lakin Ali Məhkəmənin bu qərarı səlahiyyət həddini aşma kimi qiymətləndirməsindən sonra administrasiya 1974-cü il Ticarət Qanununun 122-ci maddəsinə uyğun olaraq 150 gün müddətinə müvəqqəti rüsumları tətbiq etmişdi.
Cümə günündən etibarən bu müvəqqəti müddətin sonuna gəlinib.
Administrasiya rəsmiləri məcburi əməyə yönəlik tədbirlərini sərtləşdirən bəzi ölkələrin rüsum dərəcələrində endirim edildiyini bildiriblər.
Bu çərçivədə Hindistana tətbiq edilməsi planlaşdırılan rüsum dərəcəsi 12,5 faizdən 10 faizə endirilib.
Digər tərəfdən neft, təbii qaz və gübrə kimi bəzi məhsullar ilə ABŞ-Meksika-Kanada Sazişi (USMCA) çərçivəsində rüsumsuz azadlığı olan mallar yeni rüsumlardan azad edilib.
Gömrük rüsumları ABŞ-nin idxalçı şirkətləri tərəfindən ödənilir və şirkətlər bu xərcləri adətən istehlakçılara köçürürlər.
ABŞ ictimaiyyətinin yüksək yaşayış xərclərindən şikayətləndiyi bir dövrdə 3 noyabr aralıq seçkiləri ərəfəsində alınan bu qərar administrasiya baxımından bir risk kimi qiymətləndirilir.
İnsan hüquqları təşkilatları qərarın arxasındakı siyasi motivasiyalara şübhə ilə yanaşsalar da, tətbiqin qlobal miqyasda məcburi əməklə mübarizəyə töhfə verə biləcəyini ifadə edirlər.
İnsan Alveri Hüquq Mərkəzinin rəhbəri Martina Vandenberq idxal qadağalarının təsirli bir vasitə ola biləcəyini, lakin ölkələrin uyğunlaşması üçün mərhələli keçid prosesinə ehtiyac olduğunu vurğulayıb.
Vandenberq "Narahatlığımız bu qadağaların kağız üzərində qalması və nəzarət edilə bilməməsidir. Ölkələrin tətbiq oluna bilən mexanizmlər qurması zaman alar" dəyərləndirməsini edib.
Nyu-York Universitetinin Stern İnsan Hüquqları Mərkəzindən İzabell Qlimçer isə mövcud tənzimləmənin məhsulların yerli istehsalından ziyadə idxalına fokuslanmasını bir çatışmazlıq kimi görsə də, təhdidin Hindistan kimi ölkələri xarici ticarət siyasətlərinə yenidən baxmağa yönəltdiyini qeyd edib.



