ABŞ husilərə zərbə endirmək planından geri çəkilib - media
ABŞ ordusu yaxın perspektivdə Yəməndə husilərin “Ənsar Allah” hərəkatının mövqelərinə zərbə endirməyəcək.
AFN.az “The New York Times” qəzetinə istinadən xəbər verir ki, bu barədə ABŞ administrasiyasındakı adı açıqlanmayan rəsmilər məlumat verib.
Qəzetin yazdığına görə, ABŞ Prezidenti Donald Tramp əvvəlcə husilərə qarşı zərbələrin endirilməsinə qarşı olsa da, sentyabrın 17-də Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman Əl Səudla telefon danışığından sonra Tramp Pentaqona hücuma hazırlaşmaq barədə göstəriş verib. Lakin sentyabrın 20-də ABŞ lideri mövqeyini yenidən dəyişib. Mənbələr NYT-yə bildiriblər ki, ABŞ-ın husilərə qarşı hava zərbələri ən azı hələlik həyata keçirilməyəcək.
Trampın qərarını dəyişməsinin səbəbi açıqlanmayıb. Ağ Ev isə məsələ ilə bağlı qəzetə bildirib ki, ABŞ-ın Səudiyyə Ərəbistanı ilə müdafiə sazişi var və Vaşinqton müttəfiqlərini müdafiə etməyə davam edəcək.
NYT qeyd edir ki, hücumun ləğvi planlaşdırılan əməliyyatın başlanmasına az müddət qalmış baş verib. "Həmin vaxt hərbi komandirlər artıq hədəflərin siyahısını müəyyənləşdirib, hərbçilər isə bombardmançı təyyarələrə döyüş sursatı yükləyirdilər" - deyə nəşrin məlumatında qeyd edilib.



