Müəllimlərin vahid geyim formasını sərt "dress-kod" kimi tətbiq etməməliyik - təhsil eksperti


"Müəllimlərin vahid geyim formasına keçidi məsələsi artıq uzun müddətdir müzakirə olunur və bu barədə müvafiq qərar qəbul edilib. Yaxın vaxtlarda hansı geyim formasından istifadə olunacağı ilə bağlı geniş təlimat təqdim olunacaq”.

Bunu AFN.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi müəllimlərin vahid geyim formasına keçidinin hansı zərurətdən yaranması ilə bağlı sualı cavablandırarkən deyib.

E.Əfəndinin fikrincə, müəllimlərin vahid geyim forması ümumi təhsil mühitinin daha nizamlı və sağlam olmasına xidmət edir: “Bu, olduqca məntiqli bir addımdır. Sözügedən yenilik həm müəllim nüfuzuna, həm də təhsil mühitinə müsbət təsir göstərəcək, pedaqoqlara olan hörməti bir qədər də artıracaq.

Düşünürəm ki, biz bunu sərt "dress-kod" kimi yox, müəyyən elementlər təklif etməklə tətbiq etməliyik. Məsələn, geyimin ölçüsü, forması və ya üstünlük veriləcək rənglər kimi müəyyən elementlər təqdim edilərək seçim imkanı tanınmalıdır. Təhsilverənlərimiz də bu seçim imkanından yararlanaraq müəllim adına yaraşan geyimlərə üstünlük verməlidirlər”.

Ekspertin sözlərinə görə, bəzi hallarda müəllimlərin geyimlərinin auditoriya üçün tam uyğun olmadığı görünür: “Şagird qarşısına çıxan müəllim, təbii ki, geyiminə diqqət yetirməlidir. Düzdür, ölkəmizdə müəllimlərin böyük əksəriyyəti bu məsələdə olduqca həssas və diqqətlidirlər. Lakin müvafiq geyim qaydaları tətbiq olunarsa, bu, vəziyyəti bir qədər də yaxşılaşdıracaq.

Məsələn, hazırda bəzi özəl liseylərimizdə və Bakıdakı bir sıra dövlət liseylərində müəllimlər artıq vahid geyim formasından istifadə edirlər. Dünya ölkələrinin bir çoxunda da istər dövlət, istərsə də özəl məktəblərdə və liseylərdə belə geyim formalarına üstünlük verilir. Bu, ümumi səliqə, etik görünüş və sağlam təhsil mühitinin formalaşması baxımından olduqca diqqətə və təqdirə layiqdir.

Düşünürəm ki, Nazirlik tərəfindən bununla bağlı müvafiq təlimat və geyim elementləri ümumi təhsil müəssisələrinə göndəriləcək. Müəllimlər təlimatlandırıldıqdan sonra geyimlərində həmin elementlərdən müvafiq şəkildə istifadə edəcəklər".





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu