ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı yeni sanksiyalar hazırlayır
ABŞ Prezidenti Donald Trampın administrasiyası Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) qarşı genişmiqyaslı sanksiyalar tətbiq etməyi planlaşdırır.
AFN.az “The Wall Street Journal” qəzetinə istinadən xəbər verir ki, bu barədə administrasiyadakı adı açıqlanmayan rəsmilər məlumat verib.
Nəşrin məlumatına görə, yekun qərarın nə vaxt açıqlanacağı hələ məlum deyil. Lakin ABŞ rəsmiləri bu məsələyə yaxın bir həftə ərzində aydınlıq gələcəyini bildiriblər.
Qəzet yazır ki, yeni məhdudiyyətlər, xüsusilə BCM ilə aparılan maliyyə əməliyyatlarının əksəriyyətini əhatə edə bilər. Bununla belə, sanksiyaların qüvvəyə minməsi üçün 6-7 aylıq keçid müddətinin verilməsi nəzərdə tutulur.
Belə məhdudiyyətlər BCM-nin ABŞ dolları ilə əməliyyatlar aparmasını və qlobal maliyyə sisteminin böyük hissəsinə çıxışını məhdudlaşdıra bilər. Rabitə xidmətləri ilə bağlı maliyyə əməliyyatlarının isə məhdudiyyətlərdən istisna edilə biləcəyi bildirilir.
ABŞ administrasiyası daha əvvəl də BCM-yə qarşı sanksiyalar tətbiq edib. Donald Tramp 6 fevral 2025-ci ildə məhkəmənin vəzifəli şəxslərinə qarşı məhdudiyyətlərin tətbiqini nəzərdə tutan fərman imzalayıb.
ABŞ hökuməti BCM-ni Vaşinqtona və onun müttəfiqlərinə, o cümlədən İsrailə qarşı qanunsuz fəaliyyət göstərməkdə ittiham edib. Fərman ABŞ vətəndaşları və ya ABŞ-ın müttəfiqi olan ölkələrin vətəndaşları ilə bağlı araşdırmalarda iştirak edən BCM əməkdaşlarına maliyyə və viza məhdudiyyətlərinin tətbiqinə imkan verir.
