Danimarka: ABŞ ilə Qrenlandiya üzrə əldə olunan razılaşmada qırmızı xətlərə hörmət edilib
Danimarkanın Baş naziri Mette Frederiksen ABŞ ilə Qrenlandiyada daimi təhlükəsizlik nəzarəti çərçivəsində əldə olunan razılaşmada Danimarka Krallığının qırmızı xətlərinə hörmət edildiyini bildirib.
AFN.az xəbər verir ki, Danimarka mətbuatına açıqlama verən Mette Frederiksen ABŞ ilə əldə olunan razılaşmanı dəyərləndirib.
Danimarka Krallığına bağlı Qrenlandiyanın öz müqəddəratını təyin etmək hüququnun gələcəkdə də vacib olduğunu bildirən Frederiksen deyib ki, hazırda çoxlu spekulyasiyalar var.
O, razılaşmanın məzmununa böyük maraq olduğunu başa düşdüyünü, lakin imzalanmış razılaşma olana qədər təfərrüatlara girməyəcəyini bildirib.
Frederiksen bildirib ki, razılaşma çərçivəsində ABŞ Danimarka Krallığının qırmızı xətlərinə hörmət edib.
Qrenlandiyanın xarici işlər naziri Mute Eqede də razılaşma ilə bağlı bildirib ki, Qrenlandiyalıların həm öz gələcəkləri, həm də Qrenlandiyanın gələcəyi ilə bağlı narahat olmalarını tələb edən heç bir vəziyyət yoxdur.
ABŞ Prezidenti Donald Tramp sentyabrın 18-də sosial media hesabında etdiyi paylaşımda Qrenlandiya məsələsi ilə bağlı Danimarka ilə razılaşma əldə etdiklərini açıqlamışdı.
Danimarka Krallığına bağlı təxminən 56 min əhalisi olan muxtar ərazi Qrenlandiya bir müddətdir ABŞ Prezidenti Trampın ABŞ-ın bu ərazi üzərində nəzarəti təmin etməli olduğu barədə açıqlamaları səbəbindən Vaşinqton, Kopenhagen və Brüssel arasında gərginliyə səbəb olmuşdu.

