Şri-Lankada kütləvi məzarlıq: 572 nəfərin qalıqları aşkarlanıb



Şri-Lankanın şimalında qəbiristanlığın genişləndirilməsi zamanı təsadüfən aşkar edilən kütləvi məzarlıqda 572 nəfərə aid insan qalıqları müəyyən edilib.

AFN.az xəbər verir ki, bölgədə onilliklər ərzində davam edən vətəndaş müharibəsi dövründə itkin düşən yaxınlarının taleyini öyrənmək istəyən ailələr ədalət tələb edir.

Ötən ilin fevralında Yaffna bölgəsinin Çemmani ərazisində krematoriya sahəsinin genişləndirilməsi üçün qazıntı aparan işçilər insan qalıqlarına rast gəliblər.

Edilən məlumatlandırmadan sonra başlanan qazıntı işlərinin üçüncü mərhələsi avqust ayında başa çatıb və aralarında uşaqların və körpələrin də olduğu 572 nəfərə aid skelet qalıqları aşkarlanıb.

Ölən şəxslərə aid bilərzik, məktəb çantası və əmzik kimi əşyalar da üzə çıxarılıb.

Bu Şri-Lankada indiyədək aşkarlanmış ən böyük kütləvi məzarlıq sahəsi kimi qiymətləndirilir.

Qeyd edək ki, ölkəni 1983-2009-cu illər arasında bölən vətəndaş müharibəsi Tamil pələngləri partizanları ilə Sinhal hakimiyyətinin üstünlük təşkil etdiyi hökumət arasında baş verib. 26 il davam edən münaqişə nəticəsində təxminən 100 min nəfər həyatını itirib, əksəriyyəti Tamil olmaqla 23 min nəfər isə itkin düşüb.

1995-ci ildə Yaffna yarımadasına nəzarəti ələ keçirən ordu bölgəni yüksək təhlükəsizlik zonası elan edib. Həmin dövrdə minlərlə mülki şəxsin itkin düşməsində təhlükəsizlik qüvvələri məsul tutulub, lakin hökumətlər bu iddiaları rədd edib.

Çemmanidəki yeni tapıntılar itkin düşən şəxslərin yaxınlarının yenidən etiraz aksiyaları keçirməsinə və beynəlxalq araşdırma tələb etməsinə səbəb olub.

İnsan hüquqları qrupları cəsədlərin geyimsiz, sıx və dayaz çuxurlarda basdırılmasının məhkəməsiz edam şübhələrini gücləndirdiyini bildiriblər.

Şri-Lanka İnsan Hüquqları Komissiyası dəfnlərin ənənəvi Hindu adətlərinə uyğun olmadığını və qanunsuz edamların həyata keçirilmiş ola biləcəyini bildirib.

Dövlət başçısı Anura Kumara Dissanayakenin hökuməti araşdırma ilə tam əməkdaşlıq edildiyini və qalıqlar üzərində DNT testləri ilə ətraflı araşdırmaların aparılacağını açıqlayıb.

Lakin Tamil xalqı və hüquq təşkilatları keçmişdəki oxşar araşdırmaların nəticəsiz qalması səbəbindən hökumətin beynəlxalq mexanizmlərə qarşı çıxmasından məyus olduqlarını bildirirlər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu