Konqoda 171 cəsədin olduğu iki kütləvi məzarlıq tapılıb



Konqo Demokratik Respublikasının (KDR) şərqindəki Cənubi Kivu əyalətinin Uvira şəhərində ümumilikdə 171 cəsədin tapıldığı iki kütləvi məzarlıq aşkar edilib.

AFN.az xəbər verir ki, milli mətbuatda yer alan məlumatlara görə, Uvira şəhərinin Burundi sərhədinə yaxın Kiromoni bölgəsində 30 cəsədin olduğu bir məzarlıq müəyyən edilib. Kavimvira bölgəsində isə içərisində 141 cəsədin yer aldığı digər bir məzarlıq aşkarlanıb.

Kütləvi məzarlıqlar bölgədə son aylarda baş verən silahlı qarşıdurmalardan sonra aparılan araşdırmalar nəticəsində üzə çıxıb. Bu məzarlıqların "23 Mart Hərəkatı" (M23) adlı üsyançı qrupun Uvira şəhərində nəzarəti ələ keçirdiyi dövrə aid olduğu iddia edilir.

M23 üzvləri 2025-ci ilin dekabr ayının əvvəlində Uviranın nəzarətini ələ keçirmiş, beynəlxalq və diplomatik təzyiqlərin artmasından sonra həmin ayın sonunda şəhərdən çəkilmək məcburiyyətində qalmışdılar. Şəhərdə baş verən qarşıdurmalar səbəbindən 500 mindən çox insan yurdundan didərgin düşüb, ən azı 1500 mülki şəxs həyatını itirib.

Qeyd edək ki, KDR-də M23 qrupunun üzvləri 2025-ci ilin əvvəlindən bəri davam edən silahlı hücumlar nəticəsində Şimali Kivu əyalətinin mərkəzi Qoma başda olmaqla bir çox bölgəni ələ keçirmişdi. Ölkənin şərqindəki münaqişələr səbəbindən 2025-ci ildə 1 milyondan çox insan məcburi köçkünə çevrilib, ən azı 7 min nəfər isə həyatını itirib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu