ABŞ Səhiyyə Nazirliyi diqqətini 5G ilə bağlı konspirasiya nəzəriyyəsinə yönəldib



ABŞ Səhiyyə və Sosial Xidmətlər Nazirliyi 5G də daxil olmaqla simsiz texnologiyaların yaratdığı elektromaqnit sahələrin və radiofrekans şüalanmasının mümkün sağlamlıq təsirləri ilə bağlı ictimaiyyətdən məlumat və elmi məlumatlar istəyib.

AFN.az xəbər verir ki, HHS-nin sentyabrın 17-də yayımladığı məlumat sorğusunda mobil telefonlar, Wi-Fi, ağıllı sayğaclar, daşınan texnologiyalar, simsiz tibbi cihazlar, 5G və 6G şəbəkələri, həmçinin peyk rabitəsi kimi texnologiyalardan qaynaqlanan təsirlərə dair rəylərin və araşdırmaların paylaşılması istənilib.

Naizirlik əldə ediləcək məlumatların mövcud elmi sübutların qiymətləndirilməsi, araşdırma boşluqlarının müəyyənləşdirilməsi və simsiz texnologiyalarla bağlı təhlükəsizlik standartlarının nəzərdən keçirilməsində istifadə olunacağını açıqlayıb.

HHS-yə ABŞ Səhiyyə naziri Robert F. Kennedi rəhbərlik edir. Kennedi daha əvvəl elektromaqnit şüalanmanın sağlamlığa mümkün təsirləri ilə bağlı narahatlığını ifadə edib.

Naizirliyin çağırışında isə yalnız 5G deyil, bütün simsiz texnologiyalardan qaynaqlanan radiofrekans və elektromaqnit sahələrə məruz qalma halları nəzərdən keçirilir. HHS mövcud elmi sübutlarla yanaşı klinik müşahidələr, təsir standartları və gələcəkdə aparılmalı araşdırmalarla bağlı da məlumat istəyir.

5G texnologiyasının COVID-19-a səbəb olduğu və ya virusun yayılmasını təmin etdiyi barədə iddialar isə elmi sübutlara əsaslanmır. Bu iddialar COVID-19 pandemiyasının ilk dövrlərində sosial mediada yayılmışdı.

Simsiz texnologiyaların sağlamlığa mümkün təsirləri elmi baxımdan araşdırılmağa davam edir. ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri mövcud elmi məlumatların mobil telefon istifadəsi ilə sağlamlıq problemləri arasında qəti əlaqə yaratmaq üçün kifayət etmədiyini bildirir.

Dünya Səhiyyə Təşkilatının xərçəng araşdırma qurumu IARC tərəfindən 2024-cü ildə yayımlanan genişmiqyaslı COSMOS araşdırmasında da 250 mindən çox mobil telefon istifadəçisinin məlumatları təhlil edilib. Araşdırmada mobil telefonla ən çox danışan 10 faizlik qrupun beyin şişi inkişaf etdirmə riskinin daha az istifadə edənlərdən yüksək olmadığı nəticəsinə gəlinib.

Bununla yanaşı, ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri radiofrekans şüalanmasının uzunmüddətli mümkün təsirləri ilə bağlı araşdırmaların davam etdiyini və bəzi sağlamlıq nəticələrinin hələ də araşdırıldığını bildirir.

HHS-nin son çağırışı mövcud elmi sübutların yenidən qiymətləndirilməsi və elektromaqnit sahələr ilə simsiz texnologiyalarla bağlı hansı araşdırmaların aparılmalı olduğunun müəyyənləşdirilməsinə yönəlmiş məlumat toplama prosesi kimi həyata keçirilir.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu