Nigeriyada silahlı hücum nəticəsində 9 nəfər öldürülüb
Nigeriyanın Plato əyalətində baş verən silahlı hücum nəticəsində 9 nəfər həyatını itirib.
AFN.az xəbər verir ki, Plato əyalətinin Barkin Ladi bölgəsinə gələn şəxsiyyəti hələ müəyyənləşdirilməyən silahlı şəxslər ətrafa atəş açıblar.
Hücum nəticəsində 9 nəfər həlak olub, çox sayda insan yaralanıb.
Digər tərəfdən, Nigeriya ordusundan verilən açıqlamada əyalətin Şere, Qvafan və Maza bölgələrində silahlı dəstə üzvlərinə qarşı əməliyyatların keçirildiyi bildirilib.
Açıqlamada əməliyyatlar zamanı 11 silahlı dəstə üzvünün saxlanıldığı qeyd olunub.
Platoda vaxtaşırı silahlı hücumlar həyata keçirən dəstə üzvlərinin iyul ayında əyalətdə törətdikləri hücumlarda təxminən 10 nəfər həyatını itirmişdi.
Nigeriya uzun müddətdir ölkənin müxtəlif bölgələrində silahlı dəstələrlə yanaşı, Boko Haram və DEAŞ-ın Qərbi Afrika qolu olan ISWAP terror təşkilatlarının hücumlarına məruz qalır.

