Deputat: İki aydır Emin Əmrullayevi axtarıram...


Deputat Səyyad Aran parlamentin iclasında çıxışı zamanı iki aydır elm və təhsil naziri Emin Əmrullayevlə əlaqə yaratmağa çalışdığını, lakin nə nazirin, nə də köməkçisinin onun zənglərinə cavab verdiyini deyib. O bildirib ki, nazirə etdiyi zəngləri tarix və saatı ilə qeyd edir, lakin geri dönüş olmur.

“İki aydır Emin Əmrullayevə zəng edirəm, onu tapa bilmirəm. Təqvimimdə saatı ilə yazıram ki, zəng etdim, cavab vermədi. Axı köməkçisi var. Baxıb görməlidir ki, deputat zəng edib və geri zəng edərək soruşmalıdır: ‘Səyyad müəllim, nə məsələdir?’ İki, üç, dörd ay keçir, cavab vermir. Köməkçisi də zəng edib soruşmur”, - deyə deputat qeyd edib.

Deputat bildirib ki, nazir Emin Əmrullayevlə Qaraxanlı tam orta məktəbinin 120 illik yubileyinin keçirilməsi və həmin təhsil müəssisəsinə direktor təyin olunması məsələlərini müzakirə etmək istəyir: "Aprel ayından deyirəm ki, Qaraxanlı orta məktəbinin 120 illiyi sentyabrda tamam olur. Nə iş görürsünüz? Eşitmişəm ki, tədbiri oktyabrın 10-da keçirəcəklər. Ancaq hələ mənə məlumat verilməyib. Məktəbə direktor da müəyyənləşdirilməyib”.

Səyyad Aran ölkədə bir sıra məktəblərin direktor olmadan fəaliyyət göstərməsinin təhsilin keyfiyyətinə və nizam-intizama təsir etdiyini vurğulayıb. “Məktəbin direktoru yoxdursa, orada hansı nizam-intizamdan söhbət gedə bilər? Direktor olmadığına görə müəllimlər işə gecikir, keyfiyyətsiz dərs keçir, yaxud ümumiyyətlə dərsə gəlmirlər”, - deputat qeyd edib. Onun sözlərinə görə, direktor vəzifəsini müvəqqəti icra edən şəxsin verdiyi tapşırıqlar da bəzi müəllimlər tərəfindən icra edilmir.

Deputat məktəb direktorlarının seçilməsi prosesində nazirlik, yerli icra hakimiyyəti və təhsil sektorunun nümayəndələri ilə yanaşı, müəllim kollektivinin də iştirakını təklif edib: “Bir nəfər nazirliyin nümayəndəsi, bir nəfər icra hakimiyyətindən, bir nəfər də yerli sektor müdiri olur. Məktəbdə yığıncaq keçirirsiniz, kollektivin rəyi ilə kimi istəyirlərsə, onu da seçirsiniz. Bu, bu qədər ağır işdir?"





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu