Hünəriniz çatırsa, o camaatın qarşısına özünüz çıxın! - deputat nazirlərə səsləndi
“Deputatların səlahiyyətlərinin genişləndirilməsinə ehtiyac var”.
Bu fikirləri deputat Səyyad Aran Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında səsləndirib.
O bildirib ki, vətəndaşlar deputatlara müraciət edərkən əsasən iş və müxtəlif problemlərinin həllini istəyirlər:
“Çünki vətəndaşlar bizdən iş istəyirlər. Qurumlar isə bizi eşitmirlər. Bəzən bizə deyirlər ki, siz yol çəkən deyilsiniz, xəstəxana tikdirən deyilsiniz, qanunvericiliklə məşğul olmalısınız. Bəs onda bizi ayda iki dəfə niyə rayonlara göndərirsiniz? Ay nazirlər, sizin hünəriniz çatırsa, gedib özünüz o camaatın qarşısına çıxın!
Get səni orda sözlə elə günə qoysunlar ki, adın yadından çıxsın. O sözləri xalq bizə deyir. Çünki xalqın əlçatanı deputatlardır. Biz orada canımızı qoyub gəlirik, çünki problemini həll edə bilmirik”, - deyə deputat bildirib.



