Məmurlar da dəyişməlidir, bizə yaraşmır - deputat
“Vətəndaşların mülkiyyət hüququ bəzi məmurlar tərəfindən pozulur. Məsələn, keçmiş icra başçısının sərəncamı əsasında torpaqlar verilib, yeni başçı və yaxud məmur baxır ki, bu torpaq istifadəsizdir, ya onun sahibi xaricdə olduğu üçün istifadə etmir. Görürlər ki, sahibi yoxdur, sərəncam dəyişdirilir və başqa şəxsə satılır. Problem ortaya çıxanda isə təkrarən həmin şəxsə satılır”.
“Qafqazinfo” xəbər verir ki, bu fikirləri deputat Naqif Həmzəyev Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2023-cü il üzrə məruzəsi”nin müzakirəsində bildirib.
Deputat vurğulayıb ki, qalib Azərbaycanın məmurları da dəyişməlidir: “Vətəndaşların hüquqları bu məsələdə pozulmalı deyil. Bu, istər-istəməz vətəndaşları bizə qarşı soyudur. Bu məsələləri lazımi dairələrə çatdırmaq lazımdır ki, məmurlar qorxub çəkinsinlər. 7-8-i həbs olundu, təəssüflər olsun ki, bəs etmir, bu yolu davam etdirirlər. Bu bizə yaraşmır, dəyişməliyik”.