Səhiyyə Nazirliyi deputatı yalan çıxartmat istədi, özü yalan məlumat yaydı - FOTO
Milli Məclisin deputatı Səyyad Aranla Səhiyyə Nazirliyi arasında baş verən gərginlik gündəmin əsas mövzularındandır.
AFN.az xatırladır ki, Səyyad Aran Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında səhiyyə nazirinin vətəndaş qəbullarının təşkilini tənqid edib. Deputat bildirib ki, nazir rayonlarda vətəndaş qəbulu keçirərkən insanların onunla birbaşa görüşməsinə imkan verilmir.
“Səhiyyə naziri qəbula gedir. Bəndi-bərəni elə kəsdirirlər ki, ora yaxınlaşmaq olmur. Əvvəlcədən nisbətən yumşaq, zərərsiz çıxışları olan adamları siyahıya alıb içəri buraxırlar. Qışda isti, yayda sərin otaqlarda insanları... Nəysə, bu sözü demək istəmirəm. Əsl şikayəti olan gedib sözünü nazirə deyə bilmir”, - deyə Səyyad Aran bildirib.
Bundan sonra Səhiyyə Nazirliyi deputatın fikirlərinə münasibət bildirib. Qeyd olunub ki, Səhiyyə Nazirliyində vətəndaşların qəbulu müəyyən edilmiş qrafik əsasında nazir və digər rəhbər vəzifəli şəxslər tərəfindən nazirliyin inzibati binasında həyata keçirilir. Nazirlik həmçinin vətəndaş qəbulu ilə bağlı məlumatların rəsmi internet səhifəsində yerləşdirildiyini bildirib.
Nazirliyin istinad etdiyi rəsmi internet səhifəsinə baxdıqda isə başqa bir mənzərə ortaya çıxır. Belə ki, qurumun saytında yalnız 2025-ci il üzrə vətəndaşların qəbulu cədvəli var. Həmin səhifədə nazir Teymur Musayevin hər ayın birinci həftəsinin bazar ertəsi saat 17:00-dan vətəndaş qəbul etdiyi göstərilir.
Yəni nazirlik vətəndaş qəbulunun müəyyən edilmiş qrafik əsasında keçirildiyini və bununla bağlı məlumatların rəsmi saytında yerləşdirildiyini bildirir. Lakin 2026-cı ilin 9-cu ayında olmağımıza baxmayaraq, saytda vətəndaşlara təqdim olunan sonuncu qəbul cədvəli 2025-ci ilə aiddir.



