Energetika naziri vətəndaşları qəbul edib
Energetika naziri Pərviz Şahbazov nazirlikdə növbəti dəfə vətəndaş qəbulu keçirib. Nazir Bakı şəhəri və Ağsu, Biləsuvar, Masallı rayonlarından olan vətəndaşları qəbul edib.
Müraciətlər əsasən, elektrik enerjisi təchizatı, elektrik dirəklərinin köhnəlməsi, elektrik xətlərinin yararsız vəziyyətdə olması, işlə təminat və digər məsələləri əhatə edib.
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib, qeyd olunan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün nazirliyin aidiyyəti struktur bölmələrinə müvafiq tapşırıqlar verib. Nazirliyin fəaliyyətinə aid olmayan müraciətlərin isə qeydiyyata alınaraq müvafiq qurumlara çatdırılması üçün göstərişlər verilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması barədə tapşırıqları Energetika Nazirliyi tərəfindən daim diqqətdə saxlanılır və Energetika Nazirliyi üzrə rəhbər vəzifəli şəxslərin 2019-cu il üçün vətəndaş qəbulu qrafikinə əsasən nazirlikdə vətəndaşların qəbulu həyata keçirilir.
Bununla yanaşı, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu il üzrə şəhər və rayonlarda vətəndaşların qəbulu qrafikinə uyğun olaraq, Energetika naziri və nazir müavinlərinin hər ay bölgələrdə vətəndaş qəbulu davam edir.