Energetika naziri və müavinləri regionlarda vətəndaşları qəbul edib
Sentyabrın 27-də energetika naziri Pərviz Şahbazov Tovuz şəhərində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Tovuz filialının inzibati binasında vətəndaş qəbulu keçirib. Həmin gün Energetika nazirinin müavini Samir Vəliyev Qazax şəhərində Qazax və Ağstafa rayonlarının, nazir müavini Elnur Soltanov isə Şəmkir şəhərində yerli sakinləri qəbul edib.
Nazirlikdən AFN-ə verilən məlumata görə, vətəndaşların müraciətləri elektrik enerjisi və qaz təchizatı, elektrik xətlərinin istismara yararsız olması, elektrik enerjisinin keyfiyyəti, enerji təchizatında fasilələr, elektrik enerjisi və qaza görə borc və cərimələr, işlə təminat və digər məsələləri əhatə edib.
Energetika Nazirliyinin aidiyyəti struktur bölmələrinin nümayəndələrinin iştirakı ilə keçirilmiş qəbullarda vətəndaşların müraciəti dinlənilib, qaldırılan məsələlərin araşdırılması və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.
Ümumilikdə qəbullarda 20-ə yaxın vətəndaşın müraciətinə baxılıb.
Qəbula gələn vətəndaşlar bölgələrdə vətəndaşların qəbulunun təşkilinə, göstərilən hərtərəfli diqqət və qayğıya, yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Tovuz, Qazax və Şəmkir şəhərlərində təşkil olunmuş qəbullar barədə vətəndaşların ətraflı məlumatlandırılması üçün KİV-lərdə, Energetika Nazirliyinin rəsmi internet saytında (http://www.minenergy.gov.az) və "Facebook" səhifəsində elanlar verilib, nazirliyin saytında vətəndaşların qəbulu üçün elektron müraciətlərin onlayn qeydiyyata alınması məqsədilə imkanlar yaradılıb.