Ağıllı dərman xərçəngin "görünməzlik qalxanını" qaldırdı: Şişləri 30 faiz kiçiltdi
Xərçəng hüceyrələrinin müalicədən gizlənməsinin qarşısını alan ağıllı dərmanın ən geniş yayılmış altı xərçəng növündə şişləri ən azı 30 faiz kiçildə bildiyi açıqlanıb.
AFN.az xəbər verir ki, erkən mərhələ klinik sınaq nəticələri dərmanın böyük ümidlər vəd etdiyini ortaya qoyub.
Oksforddakı tədqiqatçılar xərçəng hüceyrələrinin immunitet sistemindən gizlənməsinin qarşısını almaq məqsədilə yeni dərman hazırlayıblar.
Bu dərman immunitet sisteminin xərçəngli hüceyrələri aşkar edərək yox etməsinə şərait yaradır.
İngiltərə, Fransa, İspaniya və Avstraliyanı əhatə edən sınaqlarda uşaqlıq boynu, sidik kisəsi, qaraciyər, bağırsaq, ağciyər, həmçinin baş və boyun xərçəngi olan 83 xəstəyə "GRWD5769" adlı eksperimental dərmanla yanaşı cemiplimab adlı immunoterapiya dərmanı verilib.
İngiltərənin Mançester şəhərindəki "Christie NHS" Fondu tərəfindən aparılan araşdırmada 26 xəstədə şişlərin kiçildiyi müəyyən edilib.
Bu xəstələrin 15-də şişin ölçüsündə ən azı 30 faiz azalma qeydə alınıb.
Tədqiqatda iştirak edən xəstələrin hamısının daha əvvəl tətbiq edilən müalicələrə cavab vermədiyi və çoxunun başqa müalicə variantının qalmadığı bildirilib.
Xəstələrdə immunoterapiya müalicəsinə qarşı əvvəllər heç vaxt müsbət reaksiya olmadığı və ya bu müalicənin effektivliyini itirdiyi bildirilib.
Hazırlanmış ağıllı dərman şiş hüceyrələrinin "görünməzlik qalxanını" qaldıraraq onları immunitet sisteminin infeksiya və xəstəliklərlə mübarizə aparan hüceyrələri üçün müdafiəsiz vəziyyətə gətirib.
Bu sayədə immunoterapiya dərmanı xərçəngli hüceyrələri hədəf alaraq məhv edə bilib.
Araşdırmanın nəticələri Çikaqoda keçirilən dünyanın ən böyük xərçəng konfransında, Amerika Klinik Onkoloji Cəmiyyətinin (ASCO) illik toplantısında təqdim olunub.
"GRWD5769" adlı dərmanın sınaqlara daxil edilən altı xərçəng növünün hamısında şişləri kiçiltdiyi müşahidə edilib.
Dərman uşaqlıq boynu xərçəngi xəstələrinin 18 faizində, qaraciyər xərçəngi xəstələrinin 32 faizində, sidik kisəsi xərçəngi xəstələrinin 36 faizində, baş və boyun xərçəngi xəstələrinin 38 faizində, bağırsaq xərçəngi xəstələrinin 51 faizində və ağciyər xərçəngi xəstələrinin 55 faizində xəstəliyin irəliləməsini ən azı altı ay müddətinə dayandırıb.
Erkən mərhələdə gələn güclü uğur siqnalı böyük maraq doğurub.
Birinci mərhələ klinik sınaq nəticələrini konfransda təqdim edən tədqiqatın baş rəhbəri professor Fiona Tistluet həb şəklində evdə qəbul edilə bilən bu dərmanın erkən mərhələdə göstərdiyi uğurun çox təsirli olduğunu vurğulayıb.
Tistluet yeni bir mexanizmlə işləyən bu dərmanın immunoterapiyanın daha effektiv olmasına açıq şəkildə töhfə verdiyini ifadə edib.
Oksford mərkəzli "Greywolf Therapeutics" tərəfindən hazırlanan tabletlərin xəstələr tərəfindən yaxşı dözüldüyü və daha genişmiqyaslı bir araşdırma üçün planlaşdırma işlərinin davam etdiyi bildirilib.
İmmunoterapiya immunitet sisteminin T-hüceyrələrini xərçəngə qarşı mübarizə aparmaq üçün hərəkətə gətirir.
Lakin xərçəngli hüceyrələr "ERAP1" adlı fermenti manipulyasiya edərək T-hüceyrələrindən gizlənə bilirlər.
Bu vəziyyət immunoterapiyanın xəstələrin təxminən üçdə ikisində uğursuz olmasına yol açır.
"GRWD5769" isə "ERAP1" fermentini sıxışdıraraq xərçəngin gizlənmə mexanizmini ortadan qaldırır və şiş hüceyrələrini yenidən görünən edir.
Edinburq Xərçəng Mərkəzi və Edinburq Universiteti tərkibində fəaliyyət göstərən professor Stefan Simeonides də nəticələri həyəcanverici adlandıraraq, bu yeni yanaşmanın klinik sınaqlara daşınmasından və xəstələr üzərindəki müsbət təsirlərindən məmnunluq duyduqlarını dilə gətirib.
İngiltərə Xərçəng Araşdırmaları Fondundan doktor Samuel Qodfri isə daha əvvəl müalicəyə reaksiyası dayanmış və çətin xərçəng növlərinə sahib xəstələrdə bu mərhələdə belə nəticələrin alınmasının ümidverici olduğunu, lakin yanaşmanın qalıcı faydalarını görmək üçün daha böyük miqyaslı sınaqlara ehtiyac duyulduğunu diqqətə çatdırıb.



