Pakistan Hindistana nota verdi



Pakistan Hindistan Hərbi Dəniz Qüvvələrinə məxsus gəminin ölkənin Müstəsna İqtisadi Zonasında (MİZ) təhlükəli manevrlər edərək Pakistanın döyüş gəmisi ilə toqquşduğunu bildirərək Yeni Dehliyə etiraz notası verib.

AFN.az xəbər verir ki, Pakistan Xarici İşlər Nazirliyi iki ölkəyə məxsus gəmilərin Oman dənizində toqquşması ilə bağlı açıqlama yayıb. Pakistan tərəfinin məlumatına görə, hadisə 15 sentyabrda Pakistan Hərbi Dəniz Qüvvələrinin SEASPARK-26 adlı iki ildən bir keçirilən təlimi zamanı baş verib.

Açıqlamada bildirilib ki, Hindistan hərbi gəmisinin hərəkəti ilə əlaqədar Hindistanın İslamabaddakı müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb və hadisə kəskin şəkildə etirazla qarşılanıb.

Pakistan tərəfi iddia edib ki, Hindistan Hərbi Dəniz Qüvvələrinə məxsus gəmi Pakistanın MİZ-də Pakistanın döyüş gəmisinə təhlükəli şəkildə yaxınlaşıb və aqressiv manevrlər edib. Nəticədə iki gəmi arasında təmas baş verib.

Pakistanın müvəqqəti işlər vəkilindən bu aqressiv hərəkətin Yeni Dehli tərəfindən qəti şəkildə rədd edildiyini hökumətinə çatdırması tələb olunub.

Pakistan tərəfi Hindistanı beynəlxalq hüquqa, xüsusilə də dənizdə belə insidentlərin qarşısının alınmasına yönəlmiş ikitərəfli razılaşmalara ciddi şəkildə əməl etməyə çağırıb.

Hindistan Xarici İşlər Nazirliyi isə hadisə ilə bağlı daha əvvəl açıqlama yayaraq iki ölkənin döyüş gəmilərinin Oman dənizində toqquşduğunu bildirib.

Hindistan tərəfi toqquşmaya Pakistan Hərbi Dəniz Qüvvələrinin qəbuledilməz və peşəkarlıqdan uzaq davranışının səbəb olduğunu açıqlayıb. Yeni Dehlidə Pakistanın müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz bildirilib.

Beləliklə, hər iki ölkə hadisə ilə bağlı bir-birini günahlandırıb. Pakistan insidentin özünün MİZ-də baş verdiyini bildirsə də, Hindistan toqquşmanın beynəlxalq sularda baş verdiyini açıqlayıb.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu