Aİ müdafiə layihələrinə 15 milyard avro yönəltməyi planlasdirir
Avropa Komissiyası (AK) Aİ-nin digər ölkələri tərəfindən mənimsənilməmiş SAFE (Security Action for Europe) hərbiləşdirmə fondundan qalan vəsaitləri iki əsas müdafiə layihəsinin bərpasına yönəltmək imkanını nəzərdən keçirir.
AFN.az xəbər verir ki, bu barədə "Euractiv" portalı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, AK Avropa ölkələrinin birgə inteqrasiya olunmuş quru HHM və RƏM sistemi olan "Avropa Hava Qalxanı" layihəsinin yaradılmasına, eləcə də xüsusən Aİ-nin şərq sərhədləri boyu pilotsuz uçuş aparatlarının və kamikadze dronların aşkar edilməsi, monitorinqi və qarşısının alınmasına yönəlmiş "Dron divarı" təşəbbüsünə 15 milyard avroyadək vəsait cəlb etməyi planlaşdırır.
Aİ Şurası qrup ölkələrində hərbi satınalmaların güzəştli kreditləşdirilməsini təmin etmək məqsədilə 2030-cu ilədək nəzərdə tutulan uzunmüddətli hərbi quruculuq proqramının tərkib hissəsi kimi 150 milyard avroluq SAFE hərbiləşdirmə fondunun yaradılmasını təsdiqləmişdi. İyun ayında Haaqada keçirilən NATO sammitində Avropa dövlətlərinin müdafiə və təhlükəsizlik xərclərinin 2034-cü ilə qədər ÜDM-in 5%-nə çatdırılması barədə qərar qəbul edilib.

