Alman polisi 16 yaşlı qıza təcavüz iddiası ilə bağlı robotu müsadirə edib
Alman polisi 16 yaşlı qıza qarşı təcavüz xarakterli hərəkətlər etdiyi iddia olunan robotu idarə etməkdə şübhəli bilinən iki gənc barəsində araşdırmaya başlayıb.
AFN.az xəbər verir ki, hadisə ilə əlaqədar Köln polisi qırmızı və qızılı rəngli robotu müsadirə edib.
İddialara görə, robot qızın ombasından tutub və ona doğru itələmə hərəkətləri edib. Qızın qışqıraraq hadisə yerindən uzaqlaşdığı bildirilir.
Şimali Reyn-Vestfaliya polisi robotun 16 yaşlı sahibi və onun 19 yaşlı dostunun hadisəni sosial şəbəkədə canlı yayımladığını və şərhlər verdiyini ehtimal edir.
Polisin Facebook-da yaydığı məlumata görə, hündürlüyü 120 santimetr olan cihaz şənbə günü yerli vaxtla gecə yarısına yaxın dostları ilə birlikdə olan qıza arxadan yaxınlaşıb.
Polis hadisənin şəhər mərkəzinin yaxınlığında yerləşən fastfud restoranının qarşısında baş verdiyini bildirib.
Hadisə barədə təcili yardım xidmətlərinə məlumat verilib. Hazırda barəsində araşdırma aparılan gənc və digər şübhəli qısa müddət sonra yaxınlıqdakı küçələrin birində tapılıb. Polisin bildirdiyinə görə, robot gəncin yerləşdirdiyi avtomobilin arxa hissəsində olub.
Polisin yaydığı fotoda robotun qara bığ, qızılı rəngli zəncir və ağ jilet taxdığı görünür.
Polis robotla yanaşı, şübhəlilərə məxsus iki mobil telefonu da müsadirə edib. Hüquq-mühafizə orqanları hadisə zamanı robotun hərəkətlərinin qəsdən idarə edilib-edilmədiyini müəyyənləşdirməyə çalışır.
Polis Facebook-da yayımladığı digər paylaşımda işlə bağlı bəzi sosial şəbəkə şərhlərinin yol verilən həddi aşa biləcəyini, ən pis halda isə cinayət tərkibi yarada biləcəyini bildirib.


