Əməliyyat olunan Papa XIV Leoda ağciyər xərçəngi təsdiqləndi



Vatikan dövlətinin başçısı Papa XIV Leonun ağciyərində aşkarlanan düyünlə əlaqədar keçirdiyi əməliyyatın uğurla başa çatdığı bildirilib. 

AFN.az xəbər verir ki, Vatikanın yaydığı açıqlamada əməliyyatdan əvvəl aparılan müayinələr zamanı şübhə doğuran ağciyər xərçəngi diaqnozunun histoloji müayinə nəticəsində təsdiqləndiyi qeyd olunub.

Vatikanın yazılı açıqlamasında bildirilib ki, Papa planlaşdırıldığı kimi ötən gün əməliyyata alınıb. Əməliyyat zamanı sağ ağciyərin aşağı payı video dəstəyi ilə radikal cərrahi üsulla çıxarılıb. Əməliyyatdan əvvəlki müayinələrdə şübhə doğuran ağciyər adenokarsinoması diaqnozu histoloji müayinə ilə təsdiqlənib.

Papanın əməliyyat otağında təxminən üç saat qaldığı, cərrahi müdaxilənin isə təxminən 90 dəqiqə davam etdiyi və uğurla başa çatdığı bildirilib.

Əməliyyatdan sonra Papa normal şəkildə ayılıb və qısa müşahidə müddətindən sonra xəstəxananın 10-cu mərtəbəsindəki palatasına qayıdıb.

Papa XIV Leo ötən gün günorta saatlarında Gemelli xəstəxanasına yerləşdirilmişdi. Vatikanın həmin axşam yaydığı ilk açıqlamada da əməliyyatın uğurlu keçdiyi vurğulanmışdı.

Vatikan əməliyyatdan əvvəl Papanın sağalması üçün oktyabrın 20-dək bütün proqramlarının ləğv edildiyini açıqlamışdı.

Papa ilk dəfə bazar duası zamanı əməliyyat olunacağını açıqlayıb

Papa XIV Leo oktyabrın 11-də Vatikanın Müqəddəs Pyotr meydanına baxan ofisinin pəncərəsindən ənənəvi bazar duasını edərkən ağciyərində düyün aşkarlandığını bildirib. O, həkimlərin müdaxiləni məqsədəuyğun hesab etdiklərini və onların tövsiyəsi ilə düyünün çıxarılması üçün əməliyyat olunmağa qərar verdiyini, müdaxilənin yaxın günlərə planlaşdırıldığını deyib. Papa həmçinin mənəvi dəstəyə görə təşəkkür edib və özünü insanların dualarına əmanət etdiyini bildirib.

71 yaşlı Papanın gözlənilməz açıqlamasından sonra Vatikanın Mətbuat Xidməti əməliyyatdan sonrakı bərpa dövrünün bir həftə davam etməsinin gözlənildiyini açıqlayıb.

İtaliya mətbuatı tarixdə ilk dəfə bir Papanın bazar duası zamanı yaxın günlərdə əməliyyat olunacağını açıq şəkildə elan etdiyinə diqqət çəkib.

Mətbuatda yayılan xəbərlərə görə, Papa noyabrın 6-dan 17-dək Uruqvay, Argentina və Perunu əhatə edən Cənubi Amerika səfərini ləğv etməmək üçün əməliyyatın dərhal keçirilməsinə qərar verib.

Vatikanın əvvəlki dövlət başçısı Papa Fransiskin 21 aprel 2025-ci ildə vəfat etməsindən sonra, 8 may 2025-ci ildə keçirilən konklavda ABŞ əsilli kardinal Robert Frensis Prevost Katolik Kilsəsinin yeni Papası seçilib və XIV Leo adını qəbul edib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu