Zelenski: Rusların Xarkova hücumunda doğum evi hədəf alınıb

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ordusunun Xarkov şəhərinə həyata keçirdiyi hava hücumunda bir doğum evinin də hədəf alındığını və içəridə olan bir neçə nəfərin yaralandığını bildirib.
Zelenski bu barədə Telegram hesabında paylaşım edərək, bu gün Rusiya tərəfindən ölkəyə pilotsuz uçuş aparatları (PUA) ilə hücum təşkil edildiyini bildirib.
Xarkova edilən hücum nəticəsində 9 nəfərin yaralandığını qeyd edən Zelenski, bir doğum evinin də vurulduğunu və burada olan bir neçə nəfərin xəsarət aldığını bildirib.
Prezident paylaşımında qeyd edib ki, yaralılar arasında doğum evində olan, doğuş edən və əməliyyat olunan qadınlar var.
Zelenski həmçinin bildirib ki, Rusiya ordusu Odessa, Sumı, Mıkolayiv və Dnepropetrovsk bölgələrinə də hücumlar həyata keçirib.
Ukrayna Silahlı Qüvvələrinin yaydığı yazılı məlumata əsasən, Rusiya ölkəyə ümumilikdə 79 ədəd pilotsuz uçuş aparatı ilə hücum təşkil edib.
Açıqlamada qeyd olunur ki, Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən 44 PUA zərərsizləşdirilib.