Bəşər Əsədin əmisi İsveçrədə “müharibə cinayətləri”nə görə mühakimə olunacaq


Suriya rejimi lideri Bəşər Əsədin əmisi Rifat Əsədin 1982-ci ildə Həmada komandir olarkən hərəkətlərinə görə "müharibə cinayətləri və insanlığa qarşı cinayətlər" ittihamı ilə İsveçrədə mühakimə olunacağı açıqlanıb.



İsveçrə Federal Prokurorluğundan verilən açıqlamaya görə, Suriyanın keçmiş vitse-prezidenti və Suriya ordusunun keçmiş zabiti Rifat Əsədə qarşı "hərbi cinayətlər və insanlığa qarşı cinayətlər"lə bağlı Federal Cinayət Məhkəməsinə cinayət işi açılıb.

“Əsəd 1982-ci ilin fevralında Həmada əməliyyatların komandiri olarkən silahlı münaqişə və əhaliyə qarşı geniş hücumlar kontekstində qətllər, işgəncələr, qəddar rəftar və qeyri-qanuni həbslərə göstəriş verməkdə ittiham olunur”, - deyə məlumatda bildirilir.

Prokurorluğun Federal Cinayət Məhkəməsinə təqdim etdiyi ittiham aktı 1982-ci ilin fevralında Hama şəhərində Suriya silahlı qüvvələri ilə müxalifət arasında silahlı qarşıdurma çərçivəsində baş verən hadisələrə əsaslanır.

Açıqlamada xatırladılıb ki, “TRIAL İnternational” qeyri-hökumət təşkilatının şikayəti əsasında Federal Prokurorluq 2013-cü ilin dekabrında Əsədin Həmadakı əməliyyatların komandiri olduğu dövrdə törətdiyi hərbi cinayətlərdə şübhəli bilinərək cinayət işinə başlayıb.

Bəyanatda cinayət işinin universallıq prinsipi və hərbi cinayətlər üçün iddia müddəti əsasında açıldığı vurğulanıb və əlavə edilib: “Bu kontekstdə aparılan polis yoxlaması nəticəsində məlum olub ki, təqsirləndirilən şəxs istintaq aparılan zaman İsveçrə ərazisində olub. Bir çox qurbanlar Federal Prokurorluğun cinayət işinə iddiaçı kimi daxil edilib”.

Federal Prokurorluq ərizələrini Bellinzona şəhərində Federal Cinayət Məhkəməsində keçiriləcək əsas iclasda təqdim edəcək.

Hazırlanan iddianamədə Hamada əksəriyyəti mülki olmaqla 3 min ilə 60 min arasında insanın həyatını itirdiyi təxmin edilir.

Qeyd olunub ki, 1982-ci ilin fevralında Suriya təhlükəsizlik qüvvələri müxalifət qiyamını yatırmaq üçün Həmaya göndərilib və qiyamın yatırılmasında əsasən müdafiə briqadaları məsuliyyət daşıyır.

Həmçinin bildirilib ki, minlərlə mülki şəxs edamdan əvvəl xüsusi yaradılmış mərkəzlərdə həbs və işgəncə kimi müxtəlif sui-istifadələrin qurbanı olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu