Dubay - Təl-Əviv təyyarəsində qaçırılma həyəcanı
Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) məxsus Flydubai hava yolu şirkətinin Dubay-Təl-Əviv reysini həyata keçirən sərnişin təyyarəsinin havada fövqəladə vəziyyət və qaçırılma siqnalı verdiyi açıqlanıb.
AFN.az xəbər verir ki, İsraildə yayımlanan Kanal 12 televiziyasının məlumatına görə, Dubaydan havaya qalxan təyyarə İordaniya hava məkanı üzərində uçarkən əvvəlcə ümumi fövqəladə vəziyyəti bildirən 7700 kodunu, daha sonra isə qısa müddət ərzində təyyarənin qaçırılmasını ifadə edən 7500 kodunu göndərib.
Siqnalların ardından İsrail Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələrinin sərnişin təyyarəsinə doğru havaya qalxdığı bildirilən xəbərdə, İordaniya səmasında bir müddət dövrə vuran və içərisində təxminən 100 İsrail vətəndaşının olduğu qeyd edilən təyyarənin daha sonra Səudiyyə Ərəbistanı istiqamətinə yönəldildiyi bildirilib.
Yerli hakimiyyət orqanları təyyarənin İsrailə enməsinə icazə verilmədiyini və hazırda təyyarə ilə əlaqə yaradılmasının mümkün olmadığını qeyd edib.
Kanal 12 televiziyası daha sonra sərnişin təyyarəsini idarə edən iki pilotun mübahisə etdiyinin müəyyənləşdirildiyini açıqlayıb.
İsrail Baş nazirlik Ofisindən verilən açıqlamada da hadisənin təyyarənin qaçırılması cəhdi olmadığı bildirilib.
Digər tərəfdən, İsrail mətbuatı sözügedən təyyarənin Səudiyyə Ərəbistanına endiyini və hər hansı təhlükəsizlik insidentinin müəyyən edilmədiyini bildirib.
Pilotlardan birinin mübahisə zamanı huşunu itirdiyi və bu səbəbdən fövqəladə vəziyyət kodunun göndərildiyi də mətbuata əks olunub.
Yedioth Ahronot qəzeti isə İsrailin Baş naziri Binyamin Netanyahunun çoxsaylı israilli sərnişinləri daşıyan təyyarənin fövqəladə vəziyyət və qaçırılma siqnalı göndərməsindən sonra məsləhətləşmələr aparmaq üçün yüksək vəzifəli təhlükəsizlik rəsmiləri ilə təcili görüş keçirdiyini yazıb.
İsrail Polis Komissarı Denni Levi isə hadisə ilə bağlı müxtəlif təhlükəsizlik qurumlarının iştirakı ilə birgə komanda mərkəzinin yaradılması barədə göstəriş verdiyini və bütün mümkün ssenarilərə hazır olduqlarını bildirib.


