Sərnişin təyyarəsində mühərrik pəri qopub
Saloniki şəhərindən Memmingenə uçmaq üçün havaya qalxan Ryanair şirkətinə məxsus sərnişin təyyarəsində mühərrik pərinin qopması nəticəsində böyük təhlükə yaşanıb.
AFN.az xəbər verir ki, ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının (NTSB) hazırladığı ilkin hesabatda iyulun 10-da baş verən hadisə zamanı sağ mühərrikdən qopan hissələrin kabin pəncərəsini sındırdığı bildirilib.
Şüşənin sınması nəticəsində yaranan təzyiq itkisi səbəbindən Ljubisa Karovic adlı sərnişinin başı və sağ çiyni pəncərədən bayıra çəkilib.
Karovicin ağır yaralandığı və şoka düşdüyü bildirilib. Serbiya vətəndaşı olan sərnişinin həyat yoldaşı Svetlana Grkovic Maksimovic iki sərnişinin köməyi ilə ərini ayaqlarından tutaraq dəqiqələrlə təyyarənin içində saxlamağı bacardıqlarını deyib.
Təyyarənin ekipajı qalxış zamanı mühərrikdə yüksək vibrasiya xəbərdarlığı aldıqlarını və mühərrikin gücünü azaldaraq lazımi yoxlamaları apardıqlarını bildirib. Vibrasiyanın dayanmasından sonra avtopilotla qalxmağa davam edən təyyarədə qısa müddət sonra güclü partlayış səsi eşidilib. Bundan sonra ekipaj fövqəladə vəziyyət elan edərək geri qayıtmaq qərarına gəlib.
Kabin heyəti oksigen maskaları açılmadan əvvəl tüstü qoxusu hiss etdiklərini, daha sonra isə bir sərnişinin sınmış pəncərəyə ilişdiyini görərək kömək çağırdıqlarını bildirib.
Təyyarə havaya qalxdığı Saloniki Beynəlxalq Hava Limanına təhlükəsiz şəkildə eniş edib.
Hesabatda sözügedən mühərrikin may ayında ultrasəs müayinəsindən keçirildiyi və hər hansı qüsurun aşkarlanmadığı qeyd olunub.
Ryanair şirkətinin rəhbəri Michael O'Leary isə hadisənin mühərrikə kənardan bir cismin dəyməsi nəticəsində baş vermiş ola biləcəyini bildirib.
Hadisəyə cəlb olunan təyyarənin Ryanair şirkətinin törəmə müəssisəsi olan Malta Air tərəfindən istismar edildiyi bildirilib.

