ABŞ-da uçuş zamanı təyyarənin qanad qapağı qismən qopub

ABŞ-ın Texas ştatında eniş etməzdən əvvəl Boeing 737-nin qanad qapağı qismən qopub.
CNN-in məlumatına görə, Orlando Beynəlxalq Hava Limanından Ostin-Berqstrom Beynəlxalq Hava Limanına uçan Delta Air Lines 1893 saylı Boeing 737 təyyarəsinin qanad qapağı avqustun 19-da Texasa enməzdən əvvəl qismən qopub.
Eniş zamanı təyyarədə olan 62 sərnişin və ekipaj üzvlərindən heç biri xəsarət almayıb.
Federal Aviasiya Administrasiyası (FAA) hadisə ilə bağlı araşdırmalara başlayıb.
Delta Air Lines-dən verilən açıqlamada sol qanad qapağı qismən qopan təyyarənin təmir üçün xidmətdən çıxarıldığı bildirilib.
Qeyd edək ki, qapaqlar təyyarənin qanadlarının arxa hissəsində yerləşən hərəkətli hissələrdir və uçuş və eniş zamanı təyyarənin qaldırma gücünü artırır.