ABŞ-da bir qrup miqrant məhkəmə qərarına zidd olaraq Cənubi Sudana deportasiya edilib

ABŞ Göç İdarəsi və Gömrük Mühafizəsi Xidmətinin (ICE) Texas ştatındakı saxlanma mərkəzində tutulan Myanma və Vyetnam vətəndaşı miqrantların federal məhkəmə qərarına zidd şəkildə Cənubi Sudana deportasiya edildiyi bildirilib.
Miqrantların vəkilləri tərəfindən məhkəməyə təqdim olunan sənədlərdə aralarında Myanma və Vyetnam vətəndaşlarının da olduğu bir neçə nəfəri daşıyan təyyarənin Cənubi Sudana endiyi qeyd olunub.
Sənədlərdə Texasdakı bir saxlanma mərkəzində saxlanılan miqrantların Cənubi Sudana deportasiya edilməsinin məhkəmənin hüquqi etiraz imkanları tükənmiş şəxslərin üçüncü ölkələrə deportasiyasını müvəqqəti olaraq dayandıran qərarını pozduğu vurğulanıb.
Həmin deportasiya proseslərinin ICE əməkdaşı tərəfindən göndərilən e-poçt vasitəsilə təsdiqləndiyi bildirilən sənədlərdə bu şəxslərin dərhal ABŞ-a geri gətirilməsini təmin edəcək məhkəmə qərarının çıxarılması tələb olunub.
Masaçusets bölgə hakimi Brayan Mörfi mart ayında verdiyi qərarda deportasiya qərarı çıxarılmış şəxslərin üçüncü bir ölkəyə göndərilmələrinin təhlükə yarada biləcəyini əsas gətirərək onların müdafiə hüququ olmadan deportasiyasını müvəqqəti olaraq dayandırmışdı.
Mörfi bildirmişdi ki, həmin şəxslər bu qərarın onların təhlükəsizliyinə necə təsir göstərə biləcəyini izah etmək üçün bir fürsətə sahib olmalıdırlar.