Cey Di Vens: İrana qarşı uzunmüddətli müharibə olmayacaq



ABŞ vitse-prezidenti Cey Di Vens İran məsələsində həm hərbi, həm də diplomatik variantların hələ də masada olduğunu bildirib. O, mümkün hərbi müdaxilənin Yaxın Şərqdə illərlə davam edəcək və sonu görünməyən bir müharibəyə çevrilməyəcəyini vurğulayıb.

AFN.az xəbər verir ki, Vens bu açıqlamaları Cenevrədə ABŞ və İran nümayəndə heyətləri arasında keçirilən danışıqlardan sonra "Washington Post" qəzetinə müsahibəsində səsləndirib. Vitse-prezident Donald Trampın yekun qərarını hələ vermədiyini, lakin bütün variantların nəzərdən keçirildiyini qeyd edib.

Vens çıxışında keçmişin təcrübələrinə və ABŞ-ın Yaxın Şərqdəki əvvəlki hərbi səhvlərinə toxunaraq maraqlı bir yanaşma nümayiş etdirib: "Hesab edirəm ki, keçmişdəki səhvləri təkrarlamaqdan qaçmalıyıq. Lakin bir prezident hərbi münaqişəni əlinə-üzünə bulaşdırıb deyə, bu, bizim bir daha hərbi müdaxilə edə bilməyəcəyimiz anlamına gəlmir".

Özünü xarici hərbi müdaxilələrə şübhə ilə yanaşan biri kimi xarakterizə edən Vens, bu tərifin Trampa da uyğun gəldiyini müdafiə edib. O, Vaşinqtonun diplomatik həll yoluna üstünlük verdiyini, lakin son qərarın Tehranın atacağı addımlardan asılı olacağını vurğulayıb.

Analitiklər Vensin bu bəyanatını həm İrana qarşı bir xəbərdarlıq, həm də daxili auditoriyaya yönəlmiş "yeni müharibə olmayacaq" mesajı kimi qiymətləndirirlər. Cenevrə görüşlərindən sonra gələn bu açıqlama bölgədəki gərginliyin hələ də kritik səviyyədə qaldığını göstərir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu