Si Cinpin 11 ildən sonra ABŞ-a səfər edib
Çin sədri Si Cinpin 11 ildən sonra ABŞ-a səfər edib və ABŞ Prezidenti Donald Trampla ikitərəfli görüşlərə başlayacaq.
AFN.az xəbər verir ki, Çin sədri Si Cinpin və həyat yoldaşı Penq Liyuan Merilend ştatındakı Endryus Hərbi Hava Qüvvələri bazasında ABŞ Prezidenti Donald Tramp və həyat yoldaşı Melaniya Tramp tərəfindən qarşılanıb.
Si ABŞ-a çatdıqdan sonra yaydığı yazılı açıqlamada Çin və ABŞ-ın rəqib deyil, tərəfdaş olması lazım olduğunu bildirib.
O, Çin xalqının böyük dirçəlişi və Amerikanı yenidən möhtəşəm etmək baxışlarının birlikdə irəliləyə, bir-birini tamamlayaraq dünyaya fayda verə biləcəyini vurğulayıb. Si əməkdaşlığın əsas dayaq olduğunu və konstruktiv strateji sabitliyə əsaslanan münasibətləri gücləndirmək istədiklərini qeyd edib.
ABŞ-a son səfərini 2015-ci ildə edən Şi 11 ildən sonra yenidən bu ölkəyə gedib.
Çin sədri Si Cinpin bu gün ABŞ Prezidenti Donald Trampla Bakı vaxtı ilə saat 20:00-da ikitərəfli görüş keçirəcək. Görüşdə iki ölkə arasındakı tariflər, texnologiya məhdudiyyətləri və nadir torpaq elementlərinin ixracı ilə bağlı ticarət mübahisələri, həmçinin Yaxın Şərqdəki müharibə və süni intellekt təhlükəsizliyi müzakirə olunacaq.
Liderlərin iqtisadi və ticarət mübahisələri ilə bağlı daha əvvəl əldə olunan müvəqqəti razılaşmaları davam etdirərək münasibətlərdə sabitliyi qorumağa diqqət yetirməsi gözlənilir.
Zirvənin əsas mövzularından biri İran və Yaxın Şərqdəki müharibə olacaq. Döyüşlərin Hörmüz və Babülməndəb boğazlarında enerji daşımalarına mane olmaq ehtimalı qlobal enerji təhlükəsizliyi ilə bağlı narahatlıq yaradır. ABŞ-ın Rusiya və İrana qarşı sanksiyaları genişləndirməsi də Çinlə aparılacaq danışıqların iqtisadi tərəfinə təsir edə biləcək məsələ kimi qiymətləndirilir.
Süni intellekt təhlükəsizliyi də görüşlərin gündəmində olacaq. İki ölkənin süni intellektin yarada biləcəyi risklərə qarşı məlumat mübadiləsi və mümkün təhdidlər barədə erkən xəbərdarlığı əhatə edən süni intellekt dialoqu başlatması gözlənilir.
ABŞ süni intellekt təhlükəsizliyi ilə bağlı risklərin nəzarətdə saxlanılmasına diqqət yetirərkən, Çin daha əhatəli qlobal süni intellekt idarəetmə sisteminin yaradılmasını müdafiə edir.
Digər tərəfdən, ABŞ-ın süni intellekt şirkətləri Çin şirkətlərini distillə adlanan üsulla öz modellərindən məlumat əldə etməkdə ittiham edərək Vaşinqton administrasiyasından bunun qarşısını alacaq tədbirlər görməsini istəyir.
İki ölkə daha əvvəl də ticarət mübahisələrini müvəqqəti azaltmaq üçün addımlar atıb. Qarşılıqlı tariflərin təxirə salınması, nadir torpaq elementlərinə tətbiq olunan ixrac nəzarətinin yumşaldılması və bəzi ticarət məhdudiyyətlərinin təxirə salınması ilə bağlı razılaşmalar əldə edilib.
Donald Trampın may ayında Çinə səfəri zamanı iki ölkə arasında ticarət və investisiya şuralarının yaradılması, bəzi məhsullara tariflərin azaldılmasının müzakirəsi və Çinin ABŞ-dan sərnişin təyyarələri alması kimi məsələlər üzrə razılaşmalar əldə olunub.

