Tramp və Si Busanda görüşüb
ABŞ Prezidenti Donald Tramp ilə Çin Dövlət Başkanı Si Cinpin ikitərəfli görüş üçün Cənubi Koreyanın Busan şəhərində görüşüb. Görüşdən sonra Tramp “Çin ilə bir illik etibarlı razılığa gəldik. Tətbiq etdiyimiz gömrük rüsumları 57 faizdən 47 faizə endiriləcək. Nadir torpaq elementləri ilə bağlı məsələlər də həll olunub” deyib.
Xinhua-nın xəbərinə görə, Çin Dövlət Başkanı Si bu səhər Cənubi Koreyaya səfər edərək Trampla görüşüb.
Bu, Trampın yenidən hakimiyyətə gəlməsindən sonra iki liderin ilk üzbəüz görüşü olub.
Görüşün əvvəlində açıqlama verən Si deyib ki, Çin və ABŞ dost və tərəfdaş olmalıdır. O, qeyd edib ki, bu, tarixdən alınan bir dərs və reallığın tələbi kimi qiymətləndirilir.
Si əlavə edib ki, dünyanın ən böyük iqtisadiyyatları arasında bəzən fikir ayrılıqları normaldır və iki ölkə lideri münasibətlərin düzgün istiqamətdə irəliləməsinə rəhbərlik etməlidir.
Çin-ABŞ münasibətlərini möhkəm əsaslarla qurmaq və hər iki ölkənin inkişafına uyğun bir atmosfer yaratmaq üçün Tramp ilə işləməyə hazır olduğunu vurğulayan Si “Çin və ABŞ həm ölkələrin, həm də dünyanın xeyrinə konkret və faydalı işlər görmək üçün birlikdə çalışa bilər” deyib.
Tramp görüşdən sonra təyyarədə mətbuat nümayəndələrinə bildirib ki, bir çox məsələdə razılığa gəliblər.
Tramp görüşdə Çinin fentanil və ilkin maddələrin nəzarəti üzrə ciddi işləməyə söz verdiyini və bu səbəbdən ABŞ-ın Çinə tətbiq etdiyi əlavə 20 faiz gömrük rüsumunu 10 faizə endirdiyini açıqlayıb.
Tramp görüşdən sonra nadir torpaq elementləri ilə bağlı heç bir əngəlin qalmadığını da bildirib.
Tramp əlavə edib ki, Çin ilə gömrük rüsumları mövzusunda çox yaxında razılığa gələcəklər.
